Böyük Britaniyanın Kralı III Çarlz və Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, eyni zamanda, COP29-un sədri olan Muxtar Babayev arasında qısamüddətli görüş baş tutub.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "X" sosial media platformasındakı şəxsi hesabında məlumat paylaşıb.
"Kralın ekologiyanın və ətraf mühitin qorunmasına göstərdiyi davamlı sadiqlik qlobal səviyyədə ilhamverici bir amildir. COP29-un sədri Muxtar Babayev Sent-Ceyms sarayında super çirkləndiricilər mövzusuna həsr edilmiş tədbirdə iştirak edərək, BMT-nin baş katibi Antonio Quterreş də daxil olmaqla, digər qlobal iqlim liderlərinə qoşulub. Sözügedən görüş Böyük Britaniyanın Kral ailəsinin və Birləşmiş Krallığın Enerji Təhlükəsizliyi və Karbon Neytrallığı Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib", - deyə diplomat öz paylaşımında vurğulayıb.