İran Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə enerjisi sahəsində əldə etdiyi təcrübə və nailiyyətləri Türkiyə ilə bölüşməyə hazır olduğunu bildirib.
Hafta.az-ın yazdığına görə, Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlanğıc İran Atom Enerjisi Agentliyinin prezidenti İslami ilə nəzakət görüşü keçirib. "Mehr" Xəbər Agentliyinin məlumatına görə, paytaxt Tehranda keçirilən görüşdə iki ölkə arasında nüvə enerjisi sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələr müzakirə olunub.
İslami iki ölkə arasındakı tarixi əlaqələrə toxunaraq deyib ki, düşmənlər İranla Türkiyə arasında münasibətləri pozmağa çalışırlar. İki ölkənin əməkdaşlıq yolu ilə əlaqələrin səviyyəsini yüksəltmək iradəsinə diqqət çəkən İran rəsmisi bildirib ki, müxtəlif sahələrdə əməkdaşlığın davamlı olması iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək.
Türkiyə ilə İran arasında əlaqələrin qarşılıqlı dostluğa əsaslandığını qeyd edən İslami, İran radiofarmasevtikalarının Türkiyəyə ixracı ilə bağlı əməkdaşlığın yenilənməsini nəzərdə tutduqlarını deyib.