Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalandı

18:55 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Astana şəhərində Türk Akademiyasının Türk Dilçilik Cəmiyyəti ilə birgə təşkil etdiyi Ortaq Türk Əlifbası Komissiyasının dördüncü iclası keçirilib.

Hafta.az xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən komissiya üzvləri ilə yanaşı, Türk Akademiyasının müşahidəçi ölkələrində dil siyasətinə cavabdeh rəsmi qurumların nümayəndələri də iştirak ediblər.

Komissiya 2022-ci ildə Türk Dövlətləri Təşkilatının koordinasiyası ilə Türk Akademiyasının nəzdində yaradılıb. 2024-cü il sentyabrın 11-də Bakıda keçirilmiş üçüncü iclasda 34 hərfdən ibarət ortaq türk əlifbası qəbul edilib.

İclası açıq elan edən Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev bildirib ki, ötən dövrdə akademik mühitdə, təhsil müəssisələrində və ictimai məkanda ortaq türk əlifbasına maraq əhəmiyyətli dərəcədə artıb.

“Hazırkı mərhələdə onun istifadəsinə vahid yanaşmaların razılaşdırılması və praktik tətbiqinin əsas prinsipləri üzrə işlərin başa çatdırılması xüsusi aktuallıq kəsb edir. Ortaq türk əlifbasının təbliği məqsədilə Türk Akademiyası bir sıra nəşrlər hazırlayıb. 2025-ci ildə ilk dəfə bu əlifbadan istifadə olunmaqla Abayın “Qara Sözder” əsəri qazax dilində, Çingiz Aytmatovun “Aq Keme” əsəri isə qırğız dilində nəşr edilib”, – deyə akademiyanın rəhbəri bildirib.

İclasın əsas mövzusu türk dilləri üçün ortaq türk əlifbasının tətbiqinə dair Tövsiyələrin müzakirəsi, eləcə də onun praktik istifadəsinin prinsip və mexanizmlərinin razılaşdırılması olub.

İclas zamanı vurğulanıb ki, hazırlanmış qaydalar Türk Akademiyası tərəfindən müvafiq milli qurumlara, dil təşkilatlarına və tərəfdaş strukturlara göndəriləcək. Bununla yanaşı, onların tətbiqi və istifadəsi ilə bağlı məsələlər hər bir dövlətin müvafiq orqanlarının səlahiyyətində qalır və milli qanunvericiliyə uyğun qaydada nəzərdən keçirilir.

İclasın yekununda ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyin təsdiqləndiyi Bəyannamə imzalanıb.

Əsas qərarlardan biri ortaq türk əlifbasının tətbiqinə dair Tövsiyə Prinsiplərinin, eləcə də bu əlifba əsasında hazırlanmış qazax və qırğız əlifbalarının tövsiyə olunan variantlarının təsdiqlənməsi olub.

Sənəddən ortaq türk əlifbasının praktik tətbiqində vahid yanaşmanın təmin edilməsi üçün ümumi istinad materialı və əsas istiqamətverici vəsait kimi istifadə olunacaq.

İştirakçılar ortaq türk əlifbasının tətbiqinin türk dövlətləri arasında əməkdaşlığı və mədəni birliyi daha da möhkəmləndirəcəyinə əminliklərini ifadə ediblər./azertac/