Azərbaycanda sürücülük vəsiqəsi ömürlük veriləcək?

18:11 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir sıra ölkələrdə sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı müxtəlif yanaşmalar tətbiq olunur. Bu isə zaman-zaman Azərbaycanda da sürücülük vəsiqələrinin ömürlük verilməsi məsələsini gündəmə gətirir.

Bəs gələcəkdə sürücülük vəsiqəsinin ömürlük verilməsi mümkün ola bilərmi?

Hafta.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, sürücülük vəsiqəsinin ömürlük verilməsi yol hərəkətinin təhlükəsizliyi baxımından doğru qərar hesab edilmir. 

Ekspertin sözlərinə görə, insanın yaşı artdıqca fizioloji və bioloji xüsusiyyətlərində dəyişikliklər baş verir ki, bu da birbaşa sürücülük qabiliyyətinə təsir göstərir:

“İnsanın hər yaş dövrünün öz xüsusiyyətləri var. Gənc yaşlarda sürücülərin reaksiya müddəti daha qısa olur. Hər hansı maneə ilə qarşılaşdıqda hadisəyə reaksiya vermə sürəti yüksəkdir. Yaş artdıqca isə bu reaksiyalar zəifləyir və gecikir. Bu da qəza riskinin artmasına səbəb olur.

Görmə qabiliyyətinin zəifləməsi, səs eşitmə imkanlarının azalması və digər fizioloji dəyişikliklər sürücünün yolda baş verən hadisələrə münasibətinə təsir göstərir. Xüsusilə qarşıdan gələn işığın qəbulu, beynin bu siqnallara reaksiyası, tormozlama müddəti və maneəyə cavab vermə sürəti yaşdan asılı olaraq dəyişir”.

Onun fikrincə, məhz bu səbəbdən 65 yaşdan yuxarı şəxslər üçün sürücülük vəsiqələrinin etibarlılıq müddətinin məhdudlaşdırılması vacibdir:

“65 yaşdan sonra, xüsusilə də 70 yaşdan yuxarı sürücülər üçün vəsiqələrin daha qısa müddətə verilməsi doğru yanaşmadır. Bu, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Yaş amili sürücülük hüququnun müddətinin müəyyənləşdirilməsində əsas elementlərdən biri kimi nəzərə alınmalıdır”.

Ekspert vurğulayıb ki, 20-25 yaşlı sürücünün reaksiyası ilə 65-70 yaşlı sürücünün reaksiyası arasında ciddi fərq mövcuddur və bu fərq yol hərəkəti təhlükəsizliyinin qiymətləndirilməsində mütləq nəzərə alınmalıdır.

Beləliklə, mütəxəssisin qənaətinə görə, sürücülük vəsiqələrinin ömürlük verilməsi hazırkı şəraitdə məqsədəuyğun deyil və yaşla bağlı tibbi-fizioloji amillər nəzərə alınaraq müəyyən müddətlər üzrə yenilənməsi daha təhlükəsiz yanaşma hesab olunur.