İsrailli jurnalist Oren Ziv bildirib ki, Həmas üzvlərinin "körpələrin başını kəsdiyi" ilə bağlı yalan iddialar İsrail ordusunun Qəzzada törədəcəyi hərbi cinayətləri "qanuniləşdirmək" üçün istifadə olunacaq.
Hafta.az-ın “Dailyummah”a istinadən yazdığına görə, İsrail ordusu ötən şənbə fələstinli qrupların hücumuna məruz qalan yerlərdən olan Kfar Azraya press-tur təşkil edib. Tura qatılan jurnalistlərdən biri tur zamanı söhbətləşdiyi bəzi İsrail əsgərlərinə istinadən, onları “Həmas burada körpələrin başını kəsirdi” dediyini bildirib.
Qəribədir ki, İsrail ordusunun rəsmiləri belə bir iddianı təsdiq edəcək hər hansı məlumata malik olmadıqlarını deyiblər.
Bu təkzibdən sonra iddiaları paylaşan bəzi jurnalistlər üzr istəməli olublar.
Jurnalist Oren Ziv bir çox insanın ona zəng etdiyini və iddialarla bağlı suallar verdiyini bildirib. Odur ki, məsələ ilə bağlı sosial media hesabından açıqlama verən Ziv deyib ki, “bu yalan iddia İsrail tərəfindən istifadə ediləcək. İsrailin indi Qəzzaya hücumlarını artırmaq və orada işləyəcəyi hərbi cinayətləri qanuniləşdirmək üçün bu saxta iddialardan istifadə edəcəyi təəssüf doğurur".
Buna baxmayaraq, Oren Ziv tur zamanı onlarla israillinin öldüyünü öz gözləri ilə gördüyünü də əlavə edib.