"Torpaqları işğaldan azad etdikləri üçün Azərbaycan xalqını təbrik edirəm" - Pakistan prezidenti

17:22 28.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Cammu və Kəşmir məsələsində verdikləri böyük dəstəyə görə təşəkkür edirəm. Amma hesab edirəm ki, üzv ölkələr ümumilikdə Avropa, Şimali Amerika və Cənubi Asiyada yüksələn islamofobiyaya qarşı hərəkətə keçməlidir. Mən buradan Azərbaycan xalqını və prezident İlham Əliyevi torpaqları düşmən işğalından qurtardıqlarna görə təbrik edirəm".

Hafta.az-ın yazdığına görə, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabatda keçirilən 15-ci Zirvə toplantıısnda çıxışı zamanı Pakistan prezidenti Arif Alvi deyib.

O, nəqliyyat dəhlizlərini "Tranzit Nəqliyyat Çərçivə Anlaşması"na (TTFA) uyğun olaraq güclü şəkildə inkişaf etdirməyin vacibliyini vurğulayaraq, İslamabadın Tehranla İstanbul arasındakı dəhlizin işlək vəziyyətə gətirilməsindən məmnunluq ifadə edib.

A.Alvi Əfqanıstandakı vəziyyətə də toxunub. Deyib ki, 40 illik müharibənin başa çatması alqışlanmalıdır, amma post-müharibə dövründə bu qardaş ölkə iqtisadi fəlakətlə üz-üzədir. Hazırda Əfqanıstan humanitar fəlakətin eşiyindədir. 

"Əfqanıstanda sülh və rifahın bütün İƏT ölkələri üçün vacib olduğu kimsəyə sirr deyil. Bu ölkədə xaosa və toqquşmalara yol aça biləcək fəlakətin əngəllənməsi, iqtisadi sabitlik və davamlı inkişafın təşviq edilməsi üçün birlikdə çalışmalıyıq", - deyib Pakistan prezidenti.

Dövlət başçısı deyib ki, hazırda Pakistanda 3,5 milyondan artıq qaçqın yaşamaqdadır. O, Türkiyənin də hazırda qaçqınlara ev sahibliyi etdiyini xatırladaraq, onlara insanlıq dərsi vermək istəyənlərə xəbərdarlıq edib. "Qərb ölkələrinə getmək istəyən qaçqınların dənizlərdə boğulub ölmələrinə icazə verənlər bizə dərs keçməsinlər", - deyib A.Alvi.