Bu yaxınlarda Azərbaycanla Sudan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 31-ci ili tamam oldu. Bu münasibətlə Sudanın ölkəmizdəki Səfirliyinin müvəqqəti işlər vəkili cənab Mustafa Abdel Halim iki dost ölkə arasında yaxşı və inkişaf etməkdə olan əlaqələrdən bəhs edən məqalə yazıb.
Hafta.az-a təqdim olunan həmin məqalədə qeyd edilir ki, 25 iyul tarixi Sudan Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edir. Belə ki, hər il həmin gün iki dost ölkə arasında bir çox sahələrdə münasibətlərin yüksəlişinin, eyni zamanda, ümumi maraq doğuran bir çox regional və beynəlxalq məsələlər üzrə baxışların yaxınlaşmasının şahidi olur.

“Şübhəsiz ki, 1992-ci ildə Azərbaycanla diplomatik münasibətlərin qurulması Xartumla Bakı arasında ikitərəfli dialoqun əsasını təşkil edib və bu, son üç onillikdə siyasi və diplomatik aspektlərdə ikitərəfli münasibətlərin xəritəsinin cızılmasına töhfə verib. Bu mənada, ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə vermiş hər kəsə təşəkkürümüzü çatdırmaq lazım olduğunu düşünürük”, - sudanlı diplomat bildirib.
Məqalədə xatırladılır ki, eyni şəkildə, Sudan xarici işlər nazirinin bu ilin birinci yarısında Qoşulmama Hərəkatının təmas qrupunun sammitində və daha sonra hərəkatın nazirlər toplantısında iştirak üçün paytaxt Bakıya ardıcıl iki səfəri Sudanla azərbaycan arasında münasibətlərin inkişafına böyük təkan verib. Belə ki, həmin tədbirlər çərçivəsində Sudan XİN başçısı azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli danışıqlar aparıb. Danışıqlar zamanı iki ölkə arasında mövcud tarixi əməkdaşlıq əlaqələrinə nəzər salınıb, münasibətləri inkişaf etdirməyin və bütün sahələrdə daha geniş üfüqlərə çatdırmağın yolları müzakirə edilib. Eyni zamanda, beynəlxalq və regional forumlarda və mövcud ikitərəfli sazişlər çərçivəsində mövqelərin koordinasiyasının gücləndirilməsi, hər iki ölkə rəhbərlikləri arasında sabit siyasi əlaqələrin qurulması ilə yanaşı, tərəflər arasında siyasi məsləhətləşmələrin mümkün qədər tez keçirilməsi üçün də tədbirlər görülüb.

Cənab Mustafa Abdel Halim qeyd edib ki, Sudan hökuməti hər zaman rəsmi Bakı ilə münasibətləri gücləndirməkdə və iki dost ölkədə mövcud olan resurslardan istifadəyə imkan verən ortaq baxış bucağı təyin etmək üçün siyasi əlaqələri intensivləşdirməklə müxtəlif sahələrdə - ticarət, investisiya, nəqliyyat və potensialın yaradılması sahələrində birgə əməkdaşlığı inkişaf etdirməyə çalışıb. Bundan əlavə, regionlar arasında inkişaf müstəvisində əməkdaşlığa başlamaq və hər iki tərəfin zəngin təcrübəsindən yararlanmaqla ikitərəfli əlaqələrin əsaslana biləcəyi güclü baza formalaşdırmaqda maraqlı olub.

“Nəhayət, mən bu xoş fürsətdən istifadə edərək, Sudan hökumətinin Sudanla Azərbaycan arasındakı güclü münasibətlərə və onların gələcək illərdə hər iki ölkənin istəklərinə cavab verəcək, iki qardaş xalqın paylaşdığı ortaq mədəni və dini dəyərləri artıracaq şəkildə inkişafına dərin inam və etimadını bir daha təsdiqləyirəm”, - müvəqqəti işlər vəkili qeyd edib.
Məqalə diplomatın “Yaşasın Sudan - Azərbaycan dostluğu!” qardaşlıq çağırışı ilə tamamlanıb.