Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

20:25 13.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir liseyin Döyüş bayrağının təntənəli surətdə sıra meydanına gətirilməsi ilə başlayıb.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər məzunları bu əlamətdar gün münasibətilə təbrik edərək, onlara gələcək hərbi təhsil və xidmət yollarında uğurlar arzulayıblar.

Qeyd olunub ki, liseyin məzunları ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm rol oynayır, Vətənə sədaqət və hərbi peşəkarlıq nümunəsi göstərirlər.

Məzunlar isə qazandıqları bilik və dəyərləri gələcək fəaliyyətlərində layiqincə doğruldacaqlarını bildiriblər.

Sonra məzunlara hərbi liseyin döş nişanı təqdim edilib, rəmzi yaş kötüyünə məzun simvolu vurulub.

Daha sonra H.Əliyev adına Hərbi Liseyin Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Buraxılış mərasimi şəxsi heyətin təntənəli marşlarla tribuna önündən keçidi ilə başa çatıb.