20 ildir “Qəm pəncərəsi“ndən baxırıq

15:15 24.11.2006
Yazını böyüt
Yazını kiçilt
“Qəm pəncərəsi“ kinopovesti Azərbaycan ədəbiyyatının klassiki, görkəmli dramaturq və jurnalist, satirik qələm ustası Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları“ povesti, “Danabaş kəndinin məktəbi“ pyesi və Həmidə xanımın xatirələri əsasında çəkilib.

“Qəm pəncərəsi“ həm bioqrafik filmin, həm də ekranlaşdırılmanın elementlərini özündə birləşdirən kino əsərlərindəndir. Filmdə görkəmli yazıçının obrazı sadəcə yaradılmayıb, eyni zamanda burada ədibin əsərlərinin motivlərindən sənətkarlıqla istifadə edilib. Və bu, ümumi, gəlişigözəl sözlər deyil. “Qəm pəncərəsi“ filminin hər bir tamaşaçısı belə bir qeyddə buluna bilər. Şübhə yoxdur ki, bulunub da. Ya özlüyündə, ya da kiminləsə bölüşüb.
“Qəm pəncərəsi“ Mirzə Cəlil dünyagörüşünün, qələminin mükəmməl, mürəkkəb və eyni dərəcədə sadə, tam anlaşıqlı tərzi, tanınma ruhu saxlanılmaqla film yaradıcılarının, əlbəttə, başda ssenari müəllifi və quruluşçu rejissor Anar, quruluşçu operator Hüseyn Mehdiyev olmaqla müəllifə, mövzuya, süjet xəttinə, daha doğrusu, süjet xətlərinə fərdi yanaşma bacarığı və orijinal tapıntıları bir-birini çox üzvi şəkildə tamamlayır. Təbii ki, hər hansı fabulanın bədii ekran həllində şərtiliklərsiz ötüşmək mümkün deyil. Cəlilin uşaqlıq çağının çatdırılmasında belə şərtiliklərdən daha çox istifadə olunub. Cəlil Məmmədquluzadə (aktyor Həsənağa Turabov) yetkinlik illərində ekranda görünür. O, uzaq uşaqlıq çağlarını xatırlayır. Uşaqlıq illəri haqqında xatirələr yazıçının bədii əsərlərində öz əksini parlaq şəkildə tapıbdır. Bir çox situasiyalar, personajlar onun povestlərindən, pyes və hekayələrindən bizə tanışdır. Film Cəlil Məmmədquluzadənin həyatının son günlərindən birinin təsviri ilə başlanır. Böyük sənətkarın həyatı artıq sönməkdə idi.
...Xəstə Mirzə Cəlil Bakı küçələrini gəzib evə qayıdır. həmin gün xəyalında xoş keçməyən uşaqlıq illərini canlandırır. Və Mirzə Cəlil geridə qalmış dünyaya “qəm pəncərəsi“ndən baxır. Uşaqlıq dostu Əhmədin (R.Nəsirov), bədbəxt qadın Zeynəbin (Şükufə Yusupova), doğma kəndin digər adamlarının obrazları onun gözləri qarşısında canlanır. Filmdə baş verən bütün bu əhvalatlar, Mirzə Cəlilin ürək ağrısı ilə qələmə aldığı bu və ya digər hadisələr ssenariçi və kinorejissor Anarın “Qəm pəncərəsi“ filmində süjetin əsasını təşkil edir. Filmdə hadisələrin baş verdiyi bir dağ kəndində əks-sədası çox zəif eşidilsə də, XIX əsrin sonunda meydana çıxan mütərəqqi ideallar, dövrün ictimai hadisələri və sinfi, feodal ziddiyyətləri, islam qanunlarını pozan mollaların özbaşınalığı və riyakarlığı, mütləqiyyət dövlət orqanlarının zorakılığı öz əksini tapıb.
Filmə baxarkən tamaşaçı inanır ki, balaca Cəlil gec-tez bu zülmətdən çıxa biləcək, bilik ardınca uzaq şəhərə gedib təhsil alacaq və ətraf aləmi bürümüş zülməti qəlbinin alovu ilə işıqlandıracaq.
Anar “Qəm pəncərəsi“ndə yazıçı Cəlil Məmmədquluzadənin mükəmməl obrazlar dünyasını yaratmağa və balaca Cəlildən gələcək Azərbaycan ədəbiyyatının klassiki böyüyəcəyini göstərməyə müvəffəq olub.
Film sanki şəbəkələrdən ibarət olsa da, psixoloji nəzərin tamaşaçıya yönələn yolu ardıcıl və bitkindir. “Qəm pəncərəsi“ filmi ilə təəssüfdoğuracaq yeganə məqam o ola bilər ki, Mirzə Cəlilin XIX yüzillikdə oxucularının diqqətini çəkdiyi, Anarın isə XX yüzillikdə tamaşaçılarına açdığı “qəm pəncərəsi“ bu çağadək açıqdır, ordan görünən acınacaqlı mənzərə, o mənzərənin tərkib hissələri olan situasiyalar və insanlar bu gün də aktualdır. Daha “nə acı ki“, “təəssüf ki“ deməyi lazım bilmirik. Çünki elə bil o sözlər əks-effekt verir...

Samirə
rubrikasından digər xəbərlər