Londonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Xəzər regionunda bağlantılar: inkişaf və dayanıqlılıq” mövzusunda konfrans keçirilib.
Hafta.az xəbər verir ki, tədbirdə Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Olderdays, Azərbaycan, Türkiyə, Gürcüstan və Özbəkistanın Böyük Britaniyadakı səfirləri, digər region ölkələrinin diplomatik nümayəndələri, beynəlxalq təşkilatların, maliyyə institutlarının, biznes dairələrinin və ekspert icmasının təmsilçiləri iştirak ediblər.
Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti çıxışında bildirib ki, Xəzər regionu qlobal gündəmin mühüm istiqamətlərindən birinə çevrilib. O qeyd edib ki, xüsusilə mövcud geosiyasi çağırışlar fonunda Orta Dəhliz Avrasiya ilə qlobal bazarlar arasında ən etibarlı nəqliyyat marşrutlarından biri kimi ön plana çıxıb və bu marşruta Böyük Britaniya da daxil olmaqla Qərb ölkələrinin marağı artıb.
Ə.Nifti vurğulayıb ki, Orta Dəhlizin potensialının tam reallaşdırılması üçün institusional və infrastruktur imkanlarının gücləndirilməsi, innovasiyaların təşviqi və investisiyaların dəstəklənməsi vacibdir.
Tədbirdə fəxri qonaq qismində çıxış edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi Lord Olderdays region ölkələrinə səfərləri zamanı müşahidə etdiyi dinamik inkişafın onda olduqca müsbət təəssürat yaratdığını bildirib.
O, Azərbaycana səfəri çərçivəsində Ələt Bakı Beynəlxalq Dəniz Ticarət Limanını ziyarət etdiyini xatırladaraq, limanın yüksək səmərəliliyinin onu heyran etdiyini vurğulayıb. Lord Olderdays qeyd edib ki, liman təkcə Şərq–Qərb deyil, həm də Şimal–Cənub nəqliyyat dəhlizi üçün mühüm əhəmiyyət daşıyır.
Lord Olderdays deyib ki, Böyük Britaniya region ölkələri ilə ticarət və investisiya əlaqələrini daha da genişləndirmək niyyətindədir. O bildirib ki, təhsil, investisiya, enerji, kritik minerallar, tikinti və infrastruktur sahələrində geniş əməkdaşlıq potensialı mövcuddur. Britaniyalı rəsmi regionun geosiyasi və iqtisadi əhəmiyyətini, eləcə də sabit və dayanıqlı əməkdaşlıq üçün yaratdığı imkanları xüsusi qeyd edib.
Konfrans çərçivəsində “İqtisadi perspektivlər: inkişaf və dayanıqlılıq” mövzusunda səfirlərin iştirakı ilə panel müzakirəsi keçirilib. Paneldə Azərbaycan, Türkiyə, Özbəkistan və Gürcüstanın Böyük Britaniyadakı səfirləri çıxış ediblər.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər fonunda ölkələr üçün əsas məsələ artıq alternativ marşrutun mövcudluğu deyil, tranzit və bağlantı imkanlarının məqsədyönlü şəkildə şaxələndirilməsidir. Onun sözlərinə görə, Orta Dəhliz bu baxımdan unikal və etibarlı imkan təqdim edir.
Səfir qeyd edib ki, son gərginliklər zamanı Şərqlə Qərb arasında hava nəqliyyatı əsasən Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən həyata keçirilib və bütün marşrutlar Azərbaycanın hava məkanından keçib.
Elin Süleymanov vurğulayıb ki, son 30 ildən artıq müddətdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşmış tərəfdaşlıq Avrasiya məkanında ən sabit, funksional və uğurlu əməkdaşlıq nümunələrindən biridir. Onun sözlərinə görə, bu müddət ərzində tərəfdaş ölkələr müxtəlif çağırışlarla üzləşsələr də, marşrut üzrə enerji, yük və nəqliyyat daşımalarında heç vaxt fasilə yaranmayıb. Bu da regionda əməkdaşlığın dayanıqlılığını təsdiqləyən mühüm göstəricidir.
Azərbaycanın Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə investisiya fondları yaratmasının regionda biznes layihələrinin maliyyələşdirilməsi üçün əlavə imkanlar formalaşdırdığını deyən səfir C6 formatında əməkdaşlığın əhəmiyyətinə də toxunub.
Azərbaycan-Ermənistan münasibətlərinə də münasibət bildirən Elin Süleymanov qeyd edib ki, tərəflər arasında münasibətlər qarşıdurma mərhələsindən normal qonşuluq münasibətlərinə keçid dövrünü yaşayır. O, son vaxtlar həyata keçirilən etimad quruculuğu tədbirlərini yüksək qiymətləndirərək, mövcud çağırışlara baxmayaraq normallaşma prosesinin müsbət istiqamətdə davam etdiyini bildirib. Diplomat əlavə edib ki, TRIPP marşrutu Orta Dəhlizin imkanlarını daha da genişləndirəcək.
Paneldə çıxış edən Türkiyənin Böyük Britaniyadakı səfiri Osman Koray Ərtaş, Gürcüstanın Böyük Britaniyadakı səfiri İlya Darçiaşvili və Özbəkistanın Böyük Britaniyadakı səfiri Ravşan Usmanov ölkələrinin Orta Dəhlizin inkişafına və regional inteqrasiyaya sadiq qaldığını, bu istiqamətdə Azərbaycanla tərəfdaşlığa xüsusi önəm verdiyini bildiriblər.
Konfrans çərçivəsində iqtisadi perspektivlər, enerji təhlükəsizliyi, dayanıqlılıq və bağlantının uzunmüddətli inkişafına həsr olunmuş digər panel müzakirələri də keçirilib. Sessiyalarda BP, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), “Wood & Company”, “FrontierView”, “Prism Strategic Intelligence”, ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyası (DFC), Böyük Britaniyanın İxrac Maliyyələşdirmə Agentliyi (UK Export Finance) və Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) nümayəndələri çıxış edərək regionda iqtisadi inkişaf, enerji təhlükəsizliyi, investisiya imkanları və nəqliyyat bağlantılarının genişləndirilməsi məsələlərini müzakirə ediblər. Çıxış edənlər Azərbaycanın uzun illərdir mürəkkəb regionda sabitlik və etibarlılıq nümunəsi kimi çıxış etdiyini xüsusi vurğulayıblar.