Yazını böyüt
Yazını kiçilt
Bu gün səhər saatlarında Biləcəri qəsəbəsindən "Gənclik" metro tansiyası istiqamətində hərəkət edən marşrut avtobusunda sərnişinlərlə sürücü arasında gərginlik yaşanıb. Avtobusda 31 dərəcə istiliyin olduğunu əsas gətirən sərnişinlər sürücwdən avtobusun sərinlik sistemini işə salmağı tələb ediblər.
Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, sürücü sərnişinlərin ardıcıl təklif və tələblərinə məhəl qoymayıb. Sərnişinlər əks halda gedişhaqqını verməyəcəklərini bildiriblər. Bundan sonra surücü kondisioner işləmir, mənim problemim deyil, gedin hara ürəyiniz istəyirsə şikayət edin, - deyərək xəttə olan avtobusu söndürüb. Sərnişinlərin avtobusdan düşməsini tələb edib. Bundan sonra tərəflər arasındakı gərginlik daha da artıb. Uzun sürən mübahisədən sonra avtobus yoluna davam edib. "Azadlıq prospekti" metro stansiyası yaxınlığındakı dayanacaqda düşən bir neçə sərnişinisə sözlərinə sadiq qalaraq gedişhaqqı ödəməyib. Sərnişinlər "kondisionerin yoxdursa, xəttə çıxma" - deyərək sürücüyə irad bildiriblər. Onlar bürkülü havada kondisioneri qoşmamaqla daşıyıcıların böyük fəlakətə yol aça biləcəyini dilə gətiriblər. Bəziləri isə kondisioneri işə salmamaqla daşıyıcıların yanacağa qənaət etdikləri ittihamını səsləndiriblər.
Qeyd edək ki, adıçəkilən marşrut xəttində bu cür gərginliklər son bir neçə gündə davamlı olaraq yaşanmaqdadır.