ABŞ-ın Massaçusets ştatında bir ailə martın 22-dən bəri eyni nömrələri oynayaraq üç dəfə lotereyada qalib gəlib.
Hafta.az-ın CBS Boston-a istinadən yazdığına görə, martın 22-də lotereyada 100 min dollar qazandıqdan sonra "Biri mənimlə zarafat edir" deyə düşündüyünü deyən Trikia Conson aprelin 10-da yenidən eyni nömrələrlə oynamağa qərar verib. Conson eyni rəqəmlərlə daha 100 min dollar qazanıb. Xoşbəxt qalib CBS Boston-a deyib: "Bu, iki dəfə ildırım vurmağa bənzəyir". Mükafatı ikinci dəfə qazandıqdan sonra vəziyyətə inana bilmədiyini bildirən Conson həyat yoldaşının yanına getdiyini və nömrələri yoxladığını bildirib.
Lakin 10 apreldə eyni nömrələrlə lotereya oynayan tək Trikia Conson deyildi. Consonun oğlu Con da əvvəllər cekpotu vurmuş eyni nömrələrlə eyni gündə lotereya oynamağa qərar verib. Beləliklə, ailənin ümumi mükafatı 300 min dollara yüksəlib.
"Biz sadəcə güldük, ağladıq və bir-birimizi qucaqladıq" deyib Trikia Conson.
Ofisiant və məktəb avtobusunun sürücüsü kimi çalışan Conson əlavə edib ki, ailəsini dolandırmaq üçün əlavə pulu olduğu üçün çox xoşbəxtdir.
Şanslı qadın artıq lotereya oynamayacağını, çünki artıq qazana bilməyəcəyinə əmin olduğunu bildirib.