“Üç gün əvvəl dəvət göndərdilər, sonra ləğv olundu, bu qeyri-ciddidir”.
Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda gürcü jurnalistlərə ABŞ Prezidenti Co Baydenin qəbuluna dəvətin ləğvi ilə bağlı suala cavabında bildirib.
Baş nazirin qiymətləndirməsinə görə, bu, müxalifətin xeyrinə bir növ humanitar akt idi, lakin müxalifət üçün də bunun praktiki effekti olmayacaq.
“Bununla bağlı xüsusi şərh verə bilmərəm. Sadəcə, bu, qeyri-ciddidir. Bu mövzuda daha çox şərh vermək mənim üçün çətindir”, – İrakli Kobaxidze bildirib.
“Ərazimizin 20 faizinin qeyri-qanuni işğal altında olmasına baxmayaraq, biz irəliləməyə, böyüməyə davam edirik, övladlarımızın daha yaxşı, daha güclü və daha ləyaqətli Gürcüstanda yaşaması üçün çalışırıq” deyən Baş nazir İrakli Kobaxidze, Gürcüstanın bütün vətəndaşlarının öz ölkələri ilə fəxr etmələri üçün hakimiyyətin ardıcıl və yorulmadan çalışdığını bildirib.
“Bu fürsətdən istifadə etmək və işğal xəttinin ikinci tərəfində, Abxaziya və Sxinvali bölgələrindəki xalqımıza müraciət etmək istəyirəm. Bütün addımlarımız xalqımıza kömək etməyə və bir gün bizim, övladlarımızla birlikdə xoşbəxt, birləşmiş və inkişaf etmiş Gürcüstanda birlikdə yaşaya bilməyimizə yönəlib. İşğal xəttinin bu tərəfində biz sizi hər zaman səmimiyyətlə qəbul edəcəyik. Ölkəmizdə bütün dağılmış körpüləri bərpa etməliyik”, – baş nazir deyib.