ABŞ Çinlə ara-sıra gərginlik yaşayan Vyetnama "USS Ronald Reagan" təyyarədaşıyan gəmisini göndərib.
Hafta.az-ın yazdığına görə, "USS Ronald Reagan" təyyarədaşıyan gəmisi Vyetnamın Dananq limanına daxil olub. ABŞ və Vyetnam "hərtərəfli tərəfdaşlıq"larının 10 illiyini qeyd edərkən gələn "USS Ronald Reagan"ın səfəri ayın sonuna qədər davam edəcək.
Səfərlə bağlı açıqlama verən ABŞ-ın Hanoy səfirliyi, "Hind-Sakit Okean bölgəsinin azadlığını və açıqlığını dəstəkləyən" 7-ci Donanmanın bir hissəsi olan təyyarədaşıyan gəminin iki döyüş gəmisi - "USS Antietam" və "USS Robert Smalls" kreyserləri tərəfindən müşayiət olunduğunu bildirib.
“USS Ronald Reagan” gəmisinin göyərtəsində olan 5 mindəndən çox dənizçi Dananqı ziyarət etmək və Vyetnam mədəniyyəti ilə tanış olmaq istəyir”, - təyyarədaşıyan gəmi komandiri, kapitan Daryl Kardone bildirib.
Məlumat üçün xatırladaq ki, bir Çin tədqiqat gəmisi, bir neçə sahil mühafizə gəmisi və balıqçı qayıqları həftələrdir ki, Vyetnamın Cənubi Çin dənizindəki eksklüziv iqtisadi zonasında fəaliyyət göstərir. Vyetnam Xarici İşlər Nazirliyi bu özbaşınalığa "Tərk et" bəyanatı ilə cavab versə də, qarşı tərəf reaksiya vermir.
Pekinin sərvətlərlə zəngin Cənubi Çin dənizinin əksəriyyətinə dair iddiaları Vyetnam, Filippin və Malayziya da daxil olmaqla Cənub-Şərqi Asiya ölkələrinin iddiaları ilə ziddiyyət təşkil edir.