Ağdam sakinlərinin doğma şəhərlərinə növbəti səfər təşkil edilib

19:17 26.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 26-da Ağdam sakinlərinin işğaldan azad olunmuş Ağdam şəhərinə növbəti səfəri təşkil edilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil olunan səfər zamanı ağdamlılar doğma şəhərlərinə uzun illərdən sonra yenidən ayaq basıblar.

Ağdamlıları doğma şəhərlərində salamlayan Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov onlara Ağdam şəhərinin hazırkı vəziyyəti və burada həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verib. Bildirib ki, erməni işğalçıları işğal dövründə Ağdam şəhərini yer üzündən siliblər. Bütün binalar, infrastruktur, qəbiristanlıqlar dağıdılıb, yaşıllıqlar məhv edilib. Ötən 30 ilə yaxın dövr ərzində məcburi köçkünlər doğma yurdlarına gəlmək həsrəti ilə yaşayıblar. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bu həsrətə son qoyuldu. Artıq işğaldan azad edilən ərazilərdə, o cümlədən Ağdamda yeni - inkişaf, quruculuq dövrü başlayıb. Ağdamlıların doğma şəhərlərinə səfərlərinin təşkil edilməsi böyük qayıdışın bir hissəsidir. Tezliklə Ağdam yenidən qurularaq regionun ən gözəl, müasir bir şəhərinə çevriləcək və ağdamlılar öz şəhərlərində əbədi yaşayacaqlar.

Ağdam sakinləri sonra İmarət kompleksini, Çörək muzeyinin və Dram Teatrının qalıqlarını, Şəhidlər xiyabanını ziyarət edib, Cümə məscidində namaz qılıblar. Ağdamlılar səfər çərçivəsində Qiyaslı kənd məscidində və Şahbulaq qalasında da olublar.

Oxunma sayı 26