Ağdamda “Qarabağ Zəfərinin Ağdam müjdəsi” adlı tədbir keçirilib

09:21 27.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam şəhərində hər iki qurumun rəhbər heyətinin, Vətən müharibəsi qazilərinin və ağdamlı gənclərin iştirakı ilə “Qarabağ Zəfərinin Ağdam Müjdəsi” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları səfər çərçivəsində Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi, Ağdam Cümə və Qiyaslı məscidləri, Ağdam Dövlət Dram Teatrının binasının qalıqları olan ərazilərə gedərək, işğal dövründə erməni vandalizminə məruz qalan tarixi-mədəni abidələr ilə yaxından tanış olublar. Ağdam Cümə məscidində camaat namazı qılınıb, Allaha şükranlıq duaları edilib.

Ağdam Dövlət Dram Teatrının binasının qalıqları qarşısında hər iki təşkilatın adından təcəvüzkar Ermənistanın işğalçılıq siyasətini və vanadlizm hərəkətlərini, regionda sülhün təmin olunmasında pozuculuq fəaliyyətlərini pisləyən birgə bəyanat səsləndirilib.

Sonra tarixi Şahbulaq qalasında media nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub. Tədbirin rəsmi hissəsində hər iki təşkilatın İdarə Heyətinin üzvləri, Vətən müharibəsi qaziləri çıxışlar edərək öz təəsüratlarını bölüşüblər. Təşkilatlar arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Tədbir Qarabağ gənclərinin ifasında musiqili-bədii hissə ilə davam edib.

Ağdam səfəri və birgə tərəfdaşlıqla bağlı “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov mətbuata açıqlama veriblər. Qeyd edilib ki, Qarabağın giriş qapısı adlandırılan Ağdam 30 ilə yaxın bir müddət ərzində erməni vandalizminə məruz qalıb, mədəniyyət ocaqları, dini ibadət yeri olan məscidlər dağıdılıb, təhqir edilib, rayon mərkəzi, kəndlər yerlə-yeksan olunub. Ağdam şəhəri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Zəfər sayəsində işğaldan azad edilib, əsl sahiblərinə qaytarılıb. İndi Ağdam, bütünlüklə Qarabağ yenidən qurulur, dirçəlir.

Açıqlamada vurğulanıb ki, Qarabağda bu cür ictimai-siyasi, milli, vətənpərvər mövzularda tədbir və səfərlərin təşkil edilməsində əsas məqsəd Prezident İlham Əliyevin daha güclü Azərbaycan naminə apardığı daxili və xarici siyasətə vətəndaş cəmiyyəti dəstəyini göstərməkdir. “Vətən Müahribəsi Əlillərinə Kömək” İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatı bundan sonra da milli, vətənpərvər ruhda Qarabağa səfərlər, birgə tədbir və layihələr icra edəcəklər.

Oxunma sayı 173