Akademik Musa Rüstəmov dəfn olunub 

15:57 01.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tanınmış kimyaçı alim, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, akademik Musa Rüstəmov II Fəxri xiyabanda dəfn olunub.

AMEA-dan hafta.az-a bildirilib ki, mərhum alimlə vida mərasimi AMEA-nın Əsas binasında keçirilib.

Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub.

Vida mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, akademiklər Dilqəm Tağıyev, Vaqif Abbasov, Vaqif Fərzəliyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, professor Sevinc Məmmədxanova çıxış edərək alimin zəngin elmi yaradıcılığından, yüksək mənəvi keyfiyyətlərindən danışıblar. Çıxış edənlər ölkəmizdə kimya sahəsində mühüm elmi nailiyyətləri ilə öz imzasını atmış, neft-kimya elminin inkişafına böyük töhfələr vermiş akademik Musa Rüstəmovun səmərəli elmi fəaliyyətindən, Azərbaycan kimya elminin inkişafına verdiyi töhfələrdən söz açıblar. Bildirilib ki, akademik Musa Rüstəmov 700-dən çox məqaləsi ilə kimya elminin neft-kimya istiqamətini sanballı əsərlərlə zənginləşdirib, həmçinin Azərbaycanda kimya sənayesinin formalaşdırılmasında böyük rol oynayıb.

Mərhum akademikin ailə üzvləri adından oğlu İsmayıl Rüstəmov çıxış edərək atası ilə bağlı xatirələrini bölüşüb, mərasim iştirakçılarına təşəkkürünü bildirib.

Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.

Oxunma sayı 1714