Ali Məhkəmə hakiminin rüşvət iddiası ölkəni qarışdırdı

14:20 14.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yunanıstan Ali Məhkəmənin keçmiş vitse-prezidenti Kristos Tzanerikos iddia edib ki, hökumətdən bir məmur radikal sağçı Yunanıstan Milli Partiyasının seçkilərdə iştirakına mane olmaq müqabilində ona rüşvət təklif edib.

Hafta.az-ın "Kathimerini"yə istinadən yazdığına görə, Tzanerikos hökumətdən bir səlahiyyətlidən partiyanın seçkilərə girməsinin qarşısını almasını istədiyini, bunun müqabilində onu seçkilərdən sonra müstəqil bir təşkilatda yüksək vəzifəyə təyin etməyi təklif etdiyini deyib. Amma keçmiş Ali Məhkəmə üzvü sözügedən şəxsin kimliyini açıqlamayıb və təklifin təfərrüatlarını bölüşməyib.

Kiryakos Mitsotakis hökumətindən verilən açıqlamada iddialar təkzib edilib. Açıqlamada Tzanerikosun Ali Məhkəmədə istədiyi vəzifəyə yüksələ bilmədiyi üçün indi hökumətdən qisas almağa çalışdığı bildirilib.

Müxalif SİRİZA da bu rüşvət iddialarının araşdırılmasını tələb edib. Solçu partiya Mitsotakisi hədəf alıb və deyib: "Mitsotakis bir daha bilmirmiş kimi davrana bilməz. O, bu iddialara cavab verməlidir. Məhkəmə qərarı müqabilində prosesə birbaşa müdaxilə edən yüksək vəzifəli dövlət məmuru kimdir?".

Yunanıstanda cinayətkar qrup olaraq tanınan irqçi Qızıl Şəfəq Partiyasının əsas simalarından biri, həbsdə olan Elias Kasidiaris tərəfindən qurulan Yunan Milli Partiyasının parlamentdə keçirilən səsvermə ilə seçkilərə girişi qadağan edilib. Partiyanın mayın 21-də keçiriləcək seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərarı Ali Məhkəmə mayın 5-də açıqlayacaq. Digər tərəfdən, Tzanerikos bazar ertəsi parlamentdəki səsverməni siyasətçilərin məhkəmə sisteminə müdaxiləsi kimi tənqid edərək, vəzifəsindən istefa verdiyini açıqlayıb. Tzanerikosun rüşvət iddiaları bu istefanın ardınca gəlib.

Son sorğulara görə, Yunanıstan Milli Partiyası 3 faizlik baryeri keçərək seçkilərdə iştirak edə bildiyi halda parlamentə daxil olmaq hüququ qazanır.

2012-ci ildəki əvvəlki seçkilərdə Qızıl Şəfəq Partiyası təxminən 7 faiz səs toplayaraq 18 mandat qazana bilmişdi.