Tailand hüquq mühafizə orqanları itkin düşmüş alman iş adamının parçalanmış cəsədini dondurucuda tapıb.
Hafta.az-ın yazdığına görə, polis bazar ertəsi axşamı 62 yaşlı Hans-Peter Makın cəsədinin zibil torbasına yığılmış doğranmış parçalarını Tailandın cənubundakı Nong Prue şəhərində kirayə qaldığı evdə aşkar edib.
Məlumata əsasən, qətldə şübhəli bilinən iki alman həbs edilib.
Tailandlı arvadı ilə birlikdə şərqdəki Pattaya şəhərində yaşayan əmlak brokeri Mak iyulun 4-dən itkin düşmüşdü.
Polis deyir ki, iki şübhəli Makı öldürmək üçün sui-qəsd qurub, sonra onun cəsədini daşıyıb gizlədiblər.
İş adamının itkin düşməsi barədə polisə məlumat verən ailəsi Makın sonuncu dəfə Pattayada şəxsi “Mercedes sedan”ında görüldüyünü bildirib.
Yeri gəlmişkən, avtomobil də bazar günü Nonq Pruda kondominiumun dayanacağında tapılıb.
Tailand telekanallarında yayımlanan görüntülərə görə, cəsədlə yanaşı, müstəntiqlər simsiz mişar, bir cüt hedcinq qayçı və plastik rulonlar taparaq dəlil kimi götürülüb. Polis həmçinin avtomobilin oturacaqlarında, idarə panelində, sükan çarxında və digər hissələrində təmizləyici kimyəvi maddənin izlərini aşkar edib.
Nong Prue polis rəisi Tavi Kudthalaeng bildirib ki, səlahiyyətlilər Makın bank hesabından külli miqdarda pulun yoxa çıxdığını da aşkarlayıblar. O əlavə edib ki, Makın qalıqları daha sonra ərazidən CCTV görüntülərindən istifadə edilərək tapılıb, lakin ətraflı məlumat verməyib.
Yerli yayımçı bildirib ki, Makın həyat yoldaşı iyulun 4-də naharda görüşməli olmalarına baxmayaraq, Mak görüşə gəlməyib.Buna görə də ona zəng vuranda cavab verməyib və az sonra geri zəng edəcəyini iddia edən mətn mesajı alıb. Həmin gecə saat 22 radələrində o, hələ də müştəri ilə olduğunu bildirən başqa bir mesaj alıb.
Makın arvadı Tailand mediasına onu da bildirib ki, beş illik ailə münasibətləri dövründə əri heç vaxt ona mesaj yazmayıb…