Yazını böyüt
Yazını kiçilt
Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Rusiyada bir sıra dərmanlara kütləvi tələbat artıb.
Hafta.az-ın yazdığına görə, beynəlxalq sanksiyaların gündən-günə özünü göstərən təsirindən əndişələn rusiyalılar apteklərə axın edirlər.
"Forbes"in yazdığına görə, səlahiyyətli qurumlar dava-dərman sektorunda heç bir sıxıntının olmayacağını desələr də, əhali sürətlə gedən bahalaşma və bəzi hallarda qıtlığı nəzərə alaraq apteklərdən dərman daşıyırlar və hazırda satışda bəzi dərmanlar tapılmır.
Araşdırmaya əsasən, mart ayı ərzində Rusiya apteklərindən ən çox ürək-damar xəstəliklərinin müalicəsində işlədilən dərmanlar alınıb. Bu dərmanların satışı son bir ayda 209 faiz artıb. İkinci yerdə mədə-bağırsaq xəstəliklərində istifadə edilən dərmanlar dayanır. Araşdırmaya görə, martda mədə-bağırsaq xəstəliklərinə aid dərmanların satışı 90-100 faiz artıb. Üçüncü sırada isə ağrıkəsici və qızdırmasalıcı dərmanlar dayanır ki, onların satışı 80 faiz artıb.
Son bir ayda burun tıxanaqlığında istifadə olunan "Ksilometazolin" adlı preparat isə satış rekordu qırıb - 16,5 milyon qutu. Ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan "Bisoprolol" adlı dərmandan isə 8,3 milyon qutu satılıb.
Yerli mənbələrin bildirdiyinə görə, insanlar özlərinə lazım olan bu dərmanlardan tam bir il bəs edəcək qədər alıb saxlayırlar. Çünki onlar bu dərmanların xaricdən idxalının dayandırılacağından qorxurlar.