Avropa Parlamentində liberal yönümlü “Renew Europe” fraksiyası “Avropa Mühafizəkarları və İslahatçıları" (European Conservatives and Reformists) siyasi qrupuna daxil olan bəzi deputatların səsləndirdiyi iddia olunan irqçi xarakterli ifadələrlə bağlı araşdırma aparılması üçün Parlamentin sədri Roberta Metsolaya müraciət edib.
Hafta.az xəbər verir ki, “Renew Europe” rəhbərliyi bəzi ECR üzvlərinin miqrasiya və deportasiya siyasətinə dair müzakirələr zamanı yol verdiyi açıqlamaların Avropa Parlamentinin dəyərlərinə və davranış qaydalarına zidd ola biləcəyini bildirib. Fraksiya rəhbərliyi məsələ ilə bağlı rəsmi araşdırmanın başlanmasını və faktların obyektiv şəkildə qiymətləndirilməsini istəyib.
Müraciətdə qeyd olunur ki, mümkün irqçi və ayrı-seçkilik xarakterli bəyanatlar parlamentin nüfuzuna xələl gətirə və Avropa İttifaqının əsas prinsipləri ilə ziddiyyət təşkil edə bilər. “Renew Europe” rəhbərliyi məsul şəxslər barəsində intizam tədbirlərinin nəzərdən keçirilməsini də istisna etməyib.
ECR nümayəndələri isə ittihamlarla bağlı mövqelərinin təhrif edildiyini bildirərək, məsələ ətrafında siyasi motivlərin ola biləcəyini vurğulayıblar. Hazırda Avropa Parlamenti rəhbərliyinin müraciətə necə reaksiya verəcəyi diqqətlə izlənilir.