Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilən anım tədbiri keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Hafta.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən AQTA-nın sədr müavini Əziz Şərifov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc sakinlərə qarşı törədilən misli görünməmiş qətliamdan bəhs edib. O bildirib ki, bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdən biridir.
Sədr müavini Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra Xocalının azad olunmasını tarixi ədalətin bərpası kimi dəyərləndirib, Xocalı sakinlərinin mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin olunduğunu, şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə davam etdiyini diqqətə çatdırıb.