"Bu tarix yalnız "Əkinçi" qəzetinin nəşrə başlamasının ildönümü deyil"

12:05 22.07.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

22 iyul - Milli Mətbuat Günü Azərbaycan jurnalistikasının keçdiyi şərəfli yolun, milli maarifçilik ənənələrinin və informasiya mübarizəsində qazandığı təcrübənin yenidən dəyərləndirildiyi əlamətdar tarixdir. Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat bu gün artıq təkcə informasiya daşıyıcısı deyil, həm də dövlətin informasiya təhlükəsizliyinin mühüm sütunlarından biri kimi çıxış edir. Qlobal informasiya müharibələrinin, dezinformasiya kampaniyalarının və süni intellektin yaratdığı yeni çağırışlar fonunda medianın üzərinə düşən məsuliyyət daha da artıb.

Tanınmış jurnalist Mürtəza Bünyadlı Hafta.az-a açıqlamasında bildirib ki, müasir dövrdə media artıq təkcə informasiya daşıyıcısı deyil, həm də milli təhlükəsizliyin mühüm elementlərindən birinə çevrilib.

Onun sözlərinə görə, 22 iyul - Milli Mətbuat Günü yalnız "Əkinçi" qəzetinin nəşrə başlamasının ildönümü deyil, həm də Azərbaycan cəmiyyətində maarifçilik, milli düşüncə və dövlətçilik ideyalarının formalaşmasında mühüm rol oynayan bir tarixi mərhələnin başlanğıcıdır.

M.Bünyadlı qeyd edib ki, Azərbaycan mətbuatı ötən 151 il ərzində çar Rusiyası dövrünün senzurasından, sovet ideoloji sisteminin sərt məhdudiyyətlərindən və müstəqilliyin ilk illərindəki mürəkkəb proseslərdən keçərək bu gün müasir informasiya cəmiyyətinin ayrılmaz hissəsinə çevrilib. Jurnalistin fikrincə, hazırda dünyada informasiya müharibələrinin miqyası genişlənib və dövlətlər arasında mübarizə yalnız hərbi və siyasi müstəvidə deyil, informasiya məkanında da davam edir:

"Bu gün dezinformasiya, saxta xəbərlər, sosial şəbəkələr üzərindən koordinasiyalı informasiya hücumları və süni intellekt vasitəsilə yaradılan manipulyativ məzmunlar yeni təhlükələr formalaşdırır. Azərbaycan da zaman-zaman belə kampaniyalarla üzləşib. Bu baxımdan informasiya təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Azərbaycan mediasının əsas vəzifələrindən biri ölkə haqqında həqiqətləri həm daxili, həm də beynəlxalq auditoriyaya operativ və peşəkar şəkildə çatdırmaqdır. Qarabağın bərpası, Böyük Qayıdış proqramı, Azərbaycanın enerji təhlükəsizliyində rolu, beynəlxalq nəqliyyat dəhlizləri, Türk dünyası ilə inteqrasiya və regional sülh təşəbbüsləri dünya ictimaiyyətinə daha geniş və sistemli şəkildə təqdim olunmalıdır. İnformasiya müharibəsində üstünlük yalnız həqiqəti söyləməklə deyil, həmin həqiqəti daha sürətli, daha peşəkar və daha geniş auditoriyaya çatdırmaqla qazanılır. Müasir media süni intellekt, multimedia jurnalistikası və rəqəmsal texnologiyaların imkanlarından maksimum istifadə etməlidir. Eyni zamanda cəmiyyətin informasiya savadlılığının artırılması, saxta xəbərlərin tanınması və rəqəmsal təhlükələrə qarşı maarifləndirmə də medianın əsas missiyalarından biridir".

M.Bünyadlı hesab edir ki, Azərbaycan mediası artıq yalnız ölkədaxili informasiya məkanının iştirakçısı deyil, qlobal informasiya sisteminin fəal subyektidir və bu səbəbdən beynəlxalq media əməkdaşlığı, xarici dillərdə kontent istehsalı və yeni kommunikasiya platformalarında fəallıq daha da artırılmalıdır:

"151 illik tarix göstərir ki, Azərbaycan mətbuatı hər zaman milli maraqlara xidmət edib. Bu gün isə əsas vəzifə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, ölkəmizə qarşı aparılan informasiya və hibrid müharibələrə peşəkar jurnalistika ilə cavab vermək və cəmiyyətin informasiya təhlükəsizliyinə xidmət etməkdir".