Argentinada prezident postu ifrat sağçı namizədə keçir

12:25 14.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Argentinada oktyabrda düzənlənəcək ümumi seçkilər üçün prezidentliyə namizədlərin dəqiqləşdirilməsi məqsədilə keçirilən ön seçkilərdə ifrat sağçı populist namizəd Xavyer Milei ən çox səs toplayıb.

Hafta.az-ın yazdığına görə, Milei, ABŞ-ın keçmiş prezidenti Donald Trampa heyran olan, iqlim dəyişikliyinin yalan olduğunu düşünən, cinsi təhsili ailə institutunu məhv etmək üçün bir oyun kimi qələmə verən, insan orqanlarının satışının qanuni olması lazım olduğuna inanan, siyasi xadimdir.

Təhlilçilər razılaşırlar ki, bu yeni namizəd gözlənildiyindən qat-qat yaxşı çıxış edib və Cənubi Amerikanın bu ölkəsində prezidentliyə real namizəddir.

Sandıqların təxminən 92 faizinin açıldığı rəsmi nəticələrə görə, bazar günü keçirilən ilkin seçkilərdə Milei ümumi səslərin təxminən 30 faizini toplayıb.

Ana müxalifət koalisiyası olan “Dəyişiklik Naminə İttifaq” partiyasının namizədləri 28 faiz, hazırkı hakim koalisiya “Vətən Naminə Birlik” partiyasının namizədləri isə 27 faiz səs toplayıb.

Seçkilərin nəticələri ilə bağlı danışan Xavyer Milei, "Bu ölkədə mövcud olan parazit, korrupsioner və yararsız siyasi kastanın sonunu gətirəcəyik. Bu gün Argentinanı yenidən qurmaq üçün ilk addımı atdıq" deyib.

Seçkilərdən əvvəl analitiklər xəbərdarlıq etmişdilər ki, 52 yaşlı Mileinin gözləniləndən daha yaxşı performans göstərməsi maliyyə bazarlarını alt-üst edəcək və prezident olacağı təqdirdə onun iqtisadi siyasətləri ilə bağlı qeyri-müəyyənlik fonunda Argentina pesosunun dəyərində kəskin ucuzlaşmaya səbəb olacaq.

İlkin nəticələrə görə, Argentina regionda seçicilərin ənənəvi siyasətçilərə qəzəblərini ifadə etmək üçün kənar namizədə üz tutduqları sonuncu ölkədir.

İllik 100 faizdən çox inflyasiya, artan yoxsulluq və sürətlə ucuzlaşan valyuta ilə mübarizə aparan Argentinada narazılıq tüğyan edir. Milei Argentina pesosunu ABŞ dolları ilə əvəz etməyə çağıraraq dəstək toplayıb.