ATƏT-in Minsk Qrupu ona görə yaradıldı ki, o vaxt leksikonda olan “Azərbaycan-Ermənistan -Dağlıq Qarabağ” problemini həll etsinlər. İndi elə bir məfhum yoxdur. Axı bizim dövlət başçımız deyir ki, Dağlıq Qarabağ məfhumu yoxdur. Artıq o ərazilər iqtisadi zonalara ayrılıb.
Bu fikirləri hafta.az-a Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli deyib.
Onun sözlərinə görə, indi ATƏT-in hərəkətləri ölmüş adam haqqında balladaya oxşayır:
“ATƏT-in Minsk Qrupu nəyi həll etməyə gəlir, axı bu problem artıq yoxdur?! BMT-nin qərarlarını Azərbaycan yerinə yetirib, ATƏT-in qarşısında duran vəzifələri də yerinə yetirib. Bunların məqsədi odur ki, orda erməniyə muxtariyyat verilsin. Cənab Prezident bütün dünyaya bəyan edib dedi ki, kim istəyir aparıb erməniyə öz ölkəsində muxtariyyat versin, biz də onu tanıyaq. Azərbaycan ərazisində “Dağlıq Qarabağ” məsələsi gorbagor olub, tarixdən silinib. Minsk Qrupu indiyə kimi nə etdi ki, indi gəlib nə etsin, mən bilmirəm.
Siz Minsk Qrupunda təmsil olunan ölkələrə fikir verin: Rusiya, Fransa, Amerika. Dünyanı qatıb-qarışdıran ölkələr. Deyir, bağa yolda yeriyə bilmir, dayısı oğlunu da belinə götürür. Gəlin görək, Amerika ilə Rusiya bir-biri ilə yola gedə bilirlər ki, gəlib Azərbaycanda da hansısa məsələni həll etsinllər. Dünyanı iqtisadi böhrana qərq ediblər, gedib öz problemlərini həll etsinlər. Fransa ümumiyyətlə Azərbaycanla danışmağa mənəvi, siyasi haqqını itirib. Fransa bunu müharibə dövründə də, müharibədən sonra da göstərdi. Bunlar “demokratiya bayrağı” altında danışırlar, ondan xəbərləri yoxdur. Hələ 100 il əvvəl, 1913-cü ildə Əhməd bəy Ağaoğlunun demokratiya haqqında “Balkan mətbatı və rus vəhşiliyi” adlı bir məqaləsi çıxmışdı. Yazırdı: hamımızın böyük ehtiyac duyduğu Avropa demokratiyasının rəngi Balkan müharibəsindən sonra bizim gözümüzdə dəyişdi. Məlum oldu ki, Avropa demokratiyası Avropa fabriklərinin İran bazarını dolduran üstü bəzək, içi çürük şeylərindən başqa bir şey deyilmiş.
Bu demokaratiya 28 ildə Azərbaycanın nəzərində dəyişdi. Demokratiya adı altında bu dövlətlər Azərbaycan qarşı mürtəce siyasət yürütdü. Boz üzlərini və sırtıq sifətlərini göstərdilər. “Demokratiya” adı ilə Azərbaycanın haqq işinə qarşı atılan addımlardan “Demokratiya” adı altında qanlı kitab yazıldı. Bizim gələcək nəsil həmin boya ilə yazılmış kitabı oxuyanda hamısı bir ağızdan deyəcək, “tfu sizin üzünüzə”.