“Avropa regionda geosiyasi maraqlarının qarşısında dayanan ən böyük əngəl kimi Azərbaycanı görür. Azərbaycan Qərb məkanına istədiyini vermədiyinə görə bu cür hücumlara məruz qalır”.
Bunu hafta.az-a politoloq Natiq Miri Avropanın Azərbaycana qarşı qərəzli hücumları ilə bağlı bildirib.
N.Miri hesab edir ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib, separatizmi ləğv edib. İndi də insan haqları, demokratiya adına boşluqlardan istifadə edib prosesi Azərbaycan əleyhinə çevirirlər.
“AŞPA-nın Azərbaycana yönəlik bu cür addımları Azərbaycan-Fransa münasibətləri gərginliyi kontekstində ortaya çıxır. Onun fikrincə, Assambleyaya müraciətin Almaniya deputatı səviyyəsində olduğu göstərilsə də, bu aldadıcıdır. Bu məsələnin arxasında Fransa durur. Avropa strukturları bu gün Fransanın maraqlarının girovuna çevrilib və bu, bütövlükdə Avropa dövlətlərinə heç nə qazandırmır. Qərb Azərbaycanın mütləq qələbəsini, ərazi bütövlüyü, suverenliyi ilə bağlı məsələni həll etməsini qəbul edə bilmir. Bu konteskdə bütün qlobal güclərin nə qədər yalançı, riyakar olduğu da nümayiş olundu. Əgər Ermənistanın işğal faktını 44 gün ərzində həll etmək imkanı vardısa, bunu 30 il uzatmağa nə ehtiyac var idi. Təbii ki, bunun da arxasında Fransa və Avropa Birliyinin, Qərb dünyasının Cənubi Qafqazla bağlı maraqları dayanır. Və bu, Azərbaycana qarşı hücumların hələ də qərb tərəfindən ram edilməməyi ilə bağlıdır.
Dünyanın əksər regionlarında müharibə gedir və insanlar qırılır. Qərbin yaratdığı nizam bundan ibarətdir. Dünyanın yenidən şəkilləndiyi bir dövrdə türk dünyasının qərarverici güc mərkəzindən birinə çevirilməyə ehtiyacı var. Ona görə də Azərbaycanın Avropa Şurasından çıxıb-qalması çıxılmaz durum deyil. Nümayişkaranə şəkildə bu qurumlardan imtina etmək lazımdır. Bu gün hər kəs görməlidir ki, dünyaya nizamsızlığı daşıyan məhz qərb dövlətləridir”.