Prezident İlham Əliyev Ermənistanın ev sahibliyi etdiyi Avropa ölkələrinin toplantısında çıxış edərək, regionda sülh gündəliyinin aktuallığını ön plana çəkib. Prezident bildirib ki, Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması üçün qarşılıqlı etimadın gücləndirilməsi, ərazi bütövlüyünün tanınması və beynəlxalq hüquq normalarına əməl edilməsi əsas şərtlərdir. Dövlət başçısı Avropa Parlamentinin fəaliyyətini sərt tənqid edərək bu qurumu sülhə mane olmaqda ittihamlayıb.
“Avropa Parlamentinin qəbul etdiyi qətnamə sülh yoluna daş qoymaqdan başqa bir şey deyil”
Deputat Arzuxan Əlizadən Hafta.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən VIII zirvə toplantısına videoformatda qoşularaq çıxışı bir sıra mühüm məqamları ilə diqqət çəkib.

Onun sözlərinə görə, həmin çıxışda əsas istiqamət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və bu normallaşma kontekstində Cənubi Qafqazda dayanıqlı sülhə və sabitliyə nail olunmasıdır.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti mövcud vəziyyətlə bağlı olaraq Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin, xüsusilə də sonuncu qətnamənin ikilistandartlı münasibət və yanaşma olduğunu qeyd edib. Eyni zamanda, bu cür yanaşmaların Avropa strukturları tərəfindən sülhə deyil, əksinə, gərginliyə səbəb verdiyini xüsusilə vurğulayıb.
Daha sonra haqlı olaraq qeyd edib ki, bugünkü Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması kontekstində Avropa institutları tərəfindən bu cür yanaşmaların sərgilənməsinə heç bir halda yol verilə bilməz və bu, sülhə maneçilik törədən amillərdəndir:
“Azərbaycan 2020-ci ildə işğala son qoydu, 2023-cü ildə isə tam olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, eyni zamanda, Ermənistana da öz suverenliyini təmin etmək imkanları yaratmış oldu. Bu gün Ermənistan Rusiya asılılığından qurtulmaq üzrədir. Ermənistanda fərqli məsələlərə fərqli yanaşmalar var. Azərbaycan isə sülh prosesinə sadiqliyini mütəmadi olaraq nümayiş etdirib.
Ermənistana yanaşmada humanist addımların atılması, Azərbaycan üzərindən keçməklə yükdaşımalarının hərəkətində olan məhdudiyyətlərin aradan qaldırılması, Azərbaycan enerji daşıyıcılarının, neft məhsullarının, benzinin Ermənistana göndərilməsi ölkəmizin sülhə doğru atdığı addımlardır.
Bununla da qarşı tərəfə sülh müqaviləsinin bağlanması istiqamətində əlimizi uzatmışıq. Azərbaycan regionun əsas söz və güc sahibi, bölgənin siyasi, iqtisadi və hərbi cəhətdən lider dövləti olaraq, dayanıqlı sülhə və sabitliyə nail olunması məsuliyyətini öz üzərinə götürüb. Münasibətlərin normallaşması üçün davamlı sülh təklifləri ilə çıxış edir. Bu proses, demək olar ki, yekunlaşmaq üzrədir.
Ermənistanda parlament seçkilərindən sonra konstitusiya dəyişikliklərinin edilməsi gözlənilir. Ermənistan konstitusiyasında ediləcək dəyişikliklə onun Azərbaycanın ərazilərinə olan iddiaların çıxarılmasını gözləyirik. Eləcə də demarkasiya və delimitasiya prosesi davam edir. Azərbaycan bu istiqamətdə də davamlı işlər görür və Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti bu günlərdə Ermənistanda oldu, delimitasiya-demarkasiya komissiyasının növbəti iclasının işində iştirak etdi.
Həmin görüşlər davamlı olaraq gedir və bütün fəaliyyət ona istiqamətlənib ki, Azərbaycan–Ermənistan sülh müqaviləsi imzalansın, regiona dayanıqlı, sabit sülh gəlsin; yəni sülhün əsas meyarı Azərbaycandır. Azərbaycan Prezidentinin təklifi ilə dövlətlər arasında sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addımlar atılır. Biz sülhə və sabitliyə nail olunması yoluna sadiqik. Bunu əməllərimizlə də, təkcə sözlərlə deyil, atdığımız addımlarla da sübut edirik”.
Deputat hesab edir ki, belə bir şəraitdə Avropa Parlamentinin qəbul etdiyi qətnamə əsassız və sülh yoluna daş qoymaqdan başqa bir şey deyil. Onun fikrincə, belə şəraitdə Prezidentin də dediyi kimi, Azərbaycan Avropanın sonrakı addımlarına uyğun olaraq hərəkət etməlidir və edir. Belə ki, Avropa özü Azərbaycanla normal əməkdaşlığın qurulmasında maraqlı olmalıdır.
“Bakı sülh prosesində emosional və ya siyasi ritorikadan deyil, hüquqi çərçivədən çıxış etdiyini nümayiş etdirir”
Deputat Jalə Əliyeva bildirir ki, Prezident İlham Əliyevin Ermənistanın ev sahibliyi etdiyi Avropa ölkələrinin toplantısında səsləndirdiyi fikirlər cari diplomatik vəziyyətin deyil, həm də Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasının konturlarını müəyyən edən mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər.

Onun fikrincə, bu çıxış Azərbaycanın postmünaqişə dövründə formalaşdırmağa çalışdığı sülh gündəliyinin ardıcıl və sistemli şəkildə beynəlxalq ictimaiyyətə təqdimatıdır.
Deputat hesab edir ki, dövlət başçısının “qarşılıqlı etimad”, “ərazi bütövlüyünün tanınması” və “beynəlxalq hüquq normalarına əməl edilməsi” kimi prinsipləri xüsusi vurğulaması təsadüfi deyil.
“Bu yanaşma Azərbaycanın mövqeyinin normativ-hüquqi baza üzərində qurulduğunu göstərir və onu beynəlxalq hüququn əsas prinsiplərinə uyğun şəkildə legitimləşdirir. Beləliklə, Bakı sülh prosesində emosional və ya siyasi ritorikadan deyil, hüquqi çərçivədən çıxış etdiyini nümayiş etdirir. Prezidentin normallaşma prosesinin davam etdiyini vurğulaması isə mühüm diplomatik siqnaldır. Bu, bir tərəfdən, Ermənistanla dialoqun dayandırılmadığını göstərir, digər tərəfdən, beynəlxalq tərəfdaşlara mesaj verir ki, regionda sülh üçün real imkan pəncərəsi mövcuddur. Sülh müqaviləsinin imzalanmasının “yeni əməkdaşlıq mərhələsi” kimi təqdim edilməsi isə Cənubi Qafqazın uzun illər davam edən qarşıdurma məkanından əməkdaşlıq platformasına çevrilməsi perspektivini önə çıxarır”, - J.Əliyeva vurğulayır.
O, eyni zamanda qeyd edib ki, çıxışda nəqliyyat-kommunikasiya xətlərinin açılması və iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərinin xüsusi qeyd olunması strateji baxımdan olduqca əhəmiyyətlidir:
“Bu yanaşma göstərir ki, Azərbaycan sülhü yalnız siyasi sənəd kimi deyil, həm də iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq üzərində qurulan davamlı model kimi görür. Regional kommunikasiya layihələrinin reallaşması ölkələr arasında etimadı artıracaq, Cənubi Qafqazı qlobal ticarət və logistika xəritəsində daha mühüm mövqeyə çıxaracaq.
Beynəlxalq ictimaiyyətə verilən əsas mesaj isə aydındır: Azərbaycan sülh təşəbbüslərinin aparıcı tərəflərindən biri kimi çıxış edir, regionda sabitliyin təmin olunması üçün konstruktiv mövqe sərgiləyir. Bu, eyni zamanda, bəzi dairələrdə formalaşdırılmağa çalışılan qərəzli narrativlərin əksinə olaraq, Azərbaycanın məsuliyyətli və praqmatik aktor olduğunu təsdiqləyir.
Prezident İlham Əliyevin bu çıxışı regional, beynəlxalq səviyyədə mühüm siyasi çəkisi olan bir bəyanat kimi qiymətləndirilməlidir. Bu çıxış Azərbaycanın sülhə sadiqliyini, hüquqa əsaslanan mövqeyini, gələcəyəyönəlik əməkdaşlıq səyini aydın şəkildə ortaya qoyur, beynəlxalq ictimaiyyət üçün dəqiq və məqsədyönlü mesaj formalaşdırır”.