Azad olunmuş ərazilərdə zamanla yarış gedir - AKTUAL

17:09 24.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün ölkəmiz tarixi günlərini yaşayır. Azərbaycan tarixi ədaləti qürur hissi ilə bərpa edərək,otuz ilə yaxın erməni işğalı altında qalmış və tamamilə dağıdılmış ərazilərini sürətlə bərpa edir. Bu ərazilərdən erməni vandalizminin izləri yavaş-yavaş silinir. Düşmənin işğal dövründə xarabalığa çevirdiyi şəhərlər, kəndlər, qəsəbələr indi böyük tikinti meydançasını xatırladır. Yeni yol-nəqliyyat infrast­rukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, tarixi abidələr bərpa olunur, yeni yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Çünki Qaraba­ğın bərpası təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün xüsusi əhəmiyyət daşıyır. Bu ərazilərin bərpası regional əməkdaşlığın daha da gücləndirilməsinə təkan verəcək.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin bərpası Prezident İlham Əlyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də öz əksini tapıb. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin məsələyə böyük əhəmiyyət verdiyini təsdiqləyir. Dövlət başçısı da dəfələrlə öz çıxışlarında vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərlə bağlı çox böyük planları var. O, bu barədə Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində də danışaraq deyib ki, indi bizim əsas maneəmiz, əsas rəqibimiz zamandır: “Biz çox böyük sürət götürmüşük və əsas məqsədimiz keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır, onlar hədsiz çox gözləyiblər. Mən bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas maneəmiz, əsas rəqibimiz zamandır. Biz bir il ərzində və ya il yarım ərzində bunu, sadəcə, fiziki olaraq edə bilmərik, ona görə ki, siz özünüz də görmüsünüz, orada heç nə yoxdur, özü də hər yerdə. Mən Bakıdan Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına qədər və digər istiqamətdə Kəlbəcər və Laçın tərəfdən yüzlərlə kilometr yol qət etmişəm, orada hər şey dağıdılıb. Dağıntıların miqyası elədir ki, insan, sadəcə, mat qalır. Axı, bu ərazi sahəsinə görə Livana bərabərdir. Təsəvvür edin, dünyada heç də ən kiçik olmayan bir ölkənin Livanın ərazisinə bərabər ərazini tikmək, abadlaşdırmaq lazım gələcək. Bunu, sadəcə, təsəvvür etmək üçün dedim. Orada heç nə yoxdur, nə yol var, nə işıq, nə qaz, nə su. Heç nə. Tamamilə heç nə. Hamısı dağıdılıb və bunlar Birinci Qarabağ müharibəsi dövründə deyil, işğal dövründə dağıdılıb. Onlar orada daşı-daş üstündə qoymayıblar. Məqsədləri bir olub – biz heç vaxt oraya qayıtmayaq. Onların digər məqsədi isə həmin daşlardan istifadə etmək, bu daşları satmaq olub. Onlar hətta qəbirüstü daşları da satıblar. Vəfat etmiş azərbaycanlılara aid yazıları pozub, daşları Ermənistanda satıblar. Bu məzarüstü daşlardan özlərinin vəfat edənləri üçün istifadə ediblər. Belə bir vandalizmin miqyası təsvirə gəlmir. Onlar məzarları dağıdır, ölülərin ağızlarındakı qızıl dişləri çıxarır, əridir və satırdılar. Təsəvvür edin bu, kimin ağlına gələr. Bax, biz belələrinə qalib gəlmişik. Mən demişəm, biz, sadəcə, ərazi bütövlüyümüzü bərpa etməmişik, biz çox böyük bir şər qüvvəyə qalib gəlmişik. Ümidvaram ki, bu şər qüvvə daha heç vaxt başını qaldırmayacaq. Hər halda biz imkan verməyəcəyik ki, onlar başlarını qaldırsınlar”.

İlin sonunadək Qarabağ elektrik enerjisi ilə tam təmin ediləcək

Əlbəttə, Azərbaycan 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbəni əbədiləşdirmək üçün köçkünlərin yurdlarına qayıtmasını təmin edəcək. Ən əsası, böyük bərpa prosesinin vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə daxil edilməsində mühüm körpü olacağı heç kimdə şübhə doğurmur. Bərpa- quruculuq işlərinin həyata keçrilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait də ayrılıb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu da təsis olunub. Fondun yaradılmasında əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir. 30 il ərzində erməni vandalları yaşayış və ictimai binaları, bütün infrastrukturu, maddi və mədəni abidələri dağıdıb, yeraltı sərvətlərimizi vəhşicəsinə talan ediblər. Ona görə də, işğaldan azad olunmuş ərazilərdə normal həyatın qaytarılması və iqtisadi inkişafın bərpa olunması böyük maliyyə vəsaiti tələb edir.

Prezident müsahibəsində bildirib ki, indi bölgədə genişmiqyaslı işlər aparılır: “ilk növbədə, elektrikləşmə işləri. Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir. Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcərə tunel yolu çəkilir. Bu yaxınlarda orada olmuşam, yoxlama aparılıb. Üstəgəl Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən yollar. Yəni, bu şəhərlər arasında əlaqə yaradılacaq. Bu il biz təkcə azad olunmuş ərazilərin bərpası proqramına 1,3 milyard dollar vəsait ayırmışıq. Bu məbləğin təqribən 400 milyon dolları hələlik bölünməyib, çünki biz bütün qaydalara - tender, planlaşdırma, layihələndirmə prosedurlarına riayət edirik. Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməlini qoymuşam. Mənim fikrimcə bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və biz şuşalıları oraya qaytara biləcəyik. Lakin daha böyük problem minalanmış sahələr problemidir. Minalanmış sahələrin ermənilər tərəfindən bizə verilmiş az miqdarda xəritələrinin dəqiqliyi təqribən 25 faizdir. Minalanmış sahələrin xəritələrinin çox hissəsini isə bizə vermirlər. Ona görə bu çox çətin işdir, onu sürətlə icra etmək mümkün deyil. Nə qədər vəsaitin olsa belə, bunun üçün vaxt lazımdır”.

Zəngilana ilk köçkünlər bu il köçürülə bilər

Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında ən qabaqcıl texnologiyalardan istifadə edir. Belə ki, bərpa işlərinin həyata keçirilməsində ağıllı texnologiyalar tətbiq olunur. Bununla bağlı, işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Xatırladaq ki,ilk belə layihə Zəngilan rayonunun Üçüncü Ağalı kəndində reallaşdırılacaq. Kənddə layihənin icrasının 5 komponent üzrə aparıldığı bildirilir. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Ərazidə tam tədric olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi aparılır. Həmin kəndlərdə məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu yaradılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Ölkə başçısının sözlərinə görə, digər rayonların hərəsində bir pilot layihə həyata keçiriləcək ki, insanları dogma yurdlarına qaytarmaq mümkün olsun: “Zəngilan rayonundakı “smart village” – “ağıllı kənd” kimi nöqtəvi layihələr var. İndi digər rayonların hərəsində bir pilot layihə həyata keçirəcəyik ki, insanları qaytara bilək. Mən vaxt müəyyən etmək istəmirəm, lakin düşünürəm ki, - düşünürəm yox, lap dəqiq deyirəm, - Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər. Başqa kəndlərə də bir il müddətində köçmək olar. İri şəhərlərin bərpası isə yəqin ki, vaxt tələb edəcək, lakin biz bunu mərhələli şəkildə planlaşdıracağıq. Tikinti, məskunlaşma mərhələli şəkildə aparılacaq. Amma bu da çox mürəkkəb işdir, təkcə tikinti baxımından deyil, logistika, insanların iş ilə, dolanışıq vasitələri, torpaq sahələri, texnika ilə təmin edilməsi - bunlar, çox böyük həcmli işlərdir, onu öz vəsaitimiz hesabına yerinə yetiririk, biz hər hansı kreditlər üçün müraciət etməmişik, əgər kimsə kömək etmək istəsə, əlbəttə, şad olarıq, istəməsələr, bu işləri özümüz görməliyik”.

İşğaldan azad olunan ərazilərdə "yaşıl zona" yaradılacaq

İşğaldan azad olunmuş ərazilər çətin relyefə malik olduğundan istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün təmir-bərpa prosesində ağıllı texnologiyalardan istifadə edilir.  məqsədilə genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. Bu məqsədlə ölkə Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonası"nın yaradılması vəzifə kimi müəyyənləşdirilib. Energetika nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında müqavilə imzalanıb. Bu istiqamətdə müvafiq konsepsiya hazırlanmaqdadır.Qeyd edilən layihə çərçivəsində sahə üzrə beynəlxalq təcrübə araşdırılır. Yaponiya da daxil olmaqla müxtəlif ölkələrin təcrübəsinə baxılır. Eyni zamanda, qeyd etmək lazmdır ki, Energetika Nazirliyi və bp arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə hidroenerji, günəş və külək enerjisi potensialı var. İlkin qiymətləndirmələrə əsasən regionda 4 min meqavatdan çox günəş, 500 meqavatadək  külək enerjisi potensialı mövcuddur. Günəş enerjisi potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları zəngindir. Eyni zamanda Azərbaycanda su ehtiyyatlarının 25 faizə qədəri də Qarabağ ərazisində formalaşır. O ərazilərdə kiçik su elektrik stansiyaları mövcud olub, daha sonra düşmən tərəfindən dağıdılıb. Hazırda bərpa işləri aparılır. Bir neçə stansiya artıq bərpa olunub. Bu prosesdə ağıllı konsepsiyalardan da istifadə olunur. Belə ki, Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə tətbiq edilir. Bu konsepsiya işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. Konsepsiyaya uyğun olaraq, 35 kV-luq xətt izolyasiyalı kabellə çəkilib. Mütəxəssislər bildirirlər ki, belə xətlərdə itkilər minumuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır. Belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xətlərə texniki xidmət xərci minumuma enir. Artıq Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0,4 kv hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilib. İşğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq, Suqovuşandakı 2 kiçik su elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri yekunlaşıb. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda, ümumilikdə, 9 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi gedir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində artıq “Şuşa” yarımstansiyası fəaliyyət göstərir. Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə ötən ilin dekabrında “Şuşa” yarımstansiyasının və Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisinə başlanılmışdı. Yarımstansiya və elektrik verilişi xəttinin tikintisinin çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, qısa zaman ərzində yekunlaşdırılmışdı. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə cəmi 73 günə icra edilmişdi.

Bərpa dövründə hava limanları böyük rol oynayacaq

İşğaldan azad olunan ərazilərdə həm də 3 beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Füzuli aeroportuna ilk sınaq uçuşu artıq baş tutub. Bu tarixi an sentyabrın 5-də reallaşıb. Zəngilan və Laçın hava limanlarının isə təməli qoyulub, hazırda bu istiqamətlərdə sürətli inşaat işləri gedir. Bu bölgədə üç hava limanının tikintisinin əhəmiyyəti barədə danışan ekspertlər bildirirlər ki, bu limanlar  ölkə iqtisadiyyatında özünəməxsus rol oynayacaq. Burada olan aeroportlar nəinki iqtisadi baxımından, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu artıracaq. Onu da qeyd etmək yerinə düşər ki, post-konflikt bərpa dövründə hava limanlarının rolu çox böyükdür. Başlıca olan səbəblərdən biri də odur ki, nəqliyyat-logistika baxımından bu bölgəyə çatdırılacaq malların, gediş-gəlişin bərpası, aparılan infrastruktur, quruculuq layihələrinin və bərpa prosesin sürətləndirməsinə gətirib çıxaracaq. Çünki, Qarabağda bir neçə ağırlıq mərkəzləri var və Qarabağın inkişaf strategiyasında burada olacaq turizm, aqroparklar, aqrobiznes, kənd təsərrüfatı, nəqliyyat, logistika kimi layihələr olacaq. Bu ağırlıq mərkəzlərinin birləşməsində Fizuli və Zəngilan hava limanlarının özünəməxsus rolu olacaq. Aeroportların olması qeyd olunanlarla yanaşı, həmçinin Zəngəzur dəhlizinin də əhəmiyyətini artıracaq. Bu dəhlizin bərpası nəinki Azərbaycanın, həmçinin regionun, eləcə də Avrasiyanın bir neçə ölkəsinin maraq dairəsindədir. Ölkə başçısının da dəfələrlə vurğuladığı kimi, Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq. Bu dəhlizin ən vacib nüanslarından biri ondan ibarətdir ki, Zəngəzur dəhlizi nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Xəzər və Aralıq dənizindən başlayaraq Cənub Şərqi Asiya və Mərkəzi Asiya olmaqla Avropa arasındakı nəqliyyat-logistika xətti olmaqla davam edəcək.

Beləliklə, bu gün işğaldan azad olunmuş torpaqlara yeni həyat bəxş edilir, düşmənin xarabalığa çevirdiyi Qarabağ yenidən dirçəlir.30 ildən sonra düşməndən azad edilən və tariximizdə xüsusi yeri olan dədə-baba torpaqlarımız öz doğma sakinlərinin gəlişini səbirsizliklə gözləyir. Hazırda görülən işlər də təsdiqləyir ki, o gün heç də uzaqda deyil.

Oxunma sayı 123