London hökuməti ABŞ-ın vitse-prezidenti J.D. Vensin Böyük Britaniyadakı Henri Novak işi ilə bağlı səsləndirdiyi şərhlərə reaksiya verib. Vens dünənki paylaşımında ötən il bıçaqlanaraq öldürülən 18 yaşlı tələbə Henri Novakın ölümündə kütləvi immiqrasiyanı günahlandırıb. O, Novakın Avropanın "Qərbə və onun tərəfdarlarına xor baxan immiqrantların kütləvi axınına qarşı durmadığı" üçün öldürüldüyünü bildirib.
Hafta.az yazır ki, Böyük Britaniya Baş Nazir Ofisinin mətbuat açıqlamasında Vensin paylaşımı ilə bağlı aşağıdakılar bildirilib: "Son günlər demokratiyamıza müdaxilə etməyə və küçələrimizdə bölünmə yaratmağa çalışan şəxslərin şahidi olduq. Novak ailəsi Henrinin dəhşətli qətlinə yas tutur. Ailə bildirib ki, Henrinin ölümünün daha çox bölünmə, nifrət və ya gərginlik yaratmaq üçün istifadə edilməsini istəmirlər. Biz onların istəklərinə hörmətlə yanaşmalıyıq".
Liberal Demokratların lideri Ed Deyvi də Vensin açıqlamasına münasibət bildirərək deyib: "Bu, açıq-aşkar xarici müdaxilədir. Onlar demokratiyamıza açıq şəkildə sosial mediada hücum edirlər".
Novak 3 dekabr 2025-ci ildə Böyük Britaniyanın cənubundakı Sauthemptonda Vikrum Diqva tərəfindən bıçaqlanaraq öldürülüb.
23 yaşlı Diqva polisə zəng edərək Novak tərəfindən irqi ayrı-seçkiliyə məruz qaldığını iddia edib. Novak hadisə yerində ölüb və polis Diqvanı həbs edib.
Lakin bazar ertəsi başa çatan məhkəmə prosesində məlum olub ki, Böyük Britaniyada anadan olan Diqva polisə yalan danışıb və Sikh inancının bir hissəsi kimi daşıdığını iddia etdiyi 21 santimetrlik bıçaqla Novaka beş dəfə zərbə vurub.
Bundan əlavə, Diqvanın şikayətindən sonra polisin Novaka hadisə yerində qandal vurduğunu göstərən görüntülər də mübahisələrə səbəb olub. Məhkəmədə yayımlanan polis kamerası görüntülərində təhlükəsizlik qüvvələrinin Novakın qan içində yerdə uzanarkən ona qandal vurduğu görünürdü.
Videoda Novakın polisə "Məni bıçaqladılar" və "Nəfəs ala bilmirəm" dediyi, lakin təhlükəsizlik qüvvələrinin onun qandallarını çıxarmadığı görünürdü. Görüntülərdən sonra Böyük Britaniyanın müxtəlif yerlərində hökumət əleyhinə etirazlar başlayıb. Hadisə həmçinin "iki səviyyəli polis fəaliyyəti" ilə bağlı müzakirələrə səbəb olub və təhlükəsizlik qüvvələrinin bəzi qruplara ideoloji səbəblərdən digərlərindən daha sərt davrandığını iddia edib.
Cümə axşamı ABŞ Dövlət Departamentinin veb saytında dərc olunan açıqlamada Novakın ölümü ilə bağlı deyilir: "İdeoloji şərtləndirmə və iki səviyyəli polis fəaliyyəti sivilizasiyanın dağılmasının açıq-aşkar əlamətləridir. Onlar Qərbin hər yerində rədd edilməlidir".
Böyük Britaniyanın Baş naziri Keir Starmer isə iki səviyyəli polis fəaliyyəti ilə bağlı iddiaları rədd edərək, Novak hadisəsində təhlükəsizlik qüvvələrinin rolu ilə bağlı araşdırmanın davam etdiyini bildirib. İlon Mask və ifrat sağçı Böyük Britaniya Reform Partiyasının lideri Naycel Faraj da Novakın ölümünün "ağ qərəz"in nümunəsi olduğunu iddia ediblər.