“Azərbaycan ordusu Ermənistanın belini elə sındırıb ki...”-General-mayor

20:13 25.06.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Əvvəla,  mən 26 İyun-  Milli Ordu Günü münasibəti ilə bütün hərbçilərimizi, xüsusən şəhid ailələrini, Vətən uğrunda döyüşmüş qaziləri təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa və cansağlığı diləyirəm. Torpaqlarımız məhz şəhid və qazilərimizin canı-qanı sayəsində  işğaldan azad edildi. Azərbaycan xalqı böyük, döyüşkən, bacarıqlı və istedadlı xalqdır – onun sayəsində hər iş görmək, dünyalar fəth etmək olar. Siz jurnalistləri də bu möhtəşəm Gün münasibətilə təbrik edir, bundan sonra da qalib ordumuzun uğurlarını, şəhid və qazilərimizin qəhrəmanlıqlarını qələmə almaqda uğurlar arzu edirəm”.

Bunu hafta.az-a açıqlamasında keçmiş müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev “Ermənistanın guya payızda Azərbaycana hücuma keçəcəyi haqda qeyri-rəsmi informasiyalar səslənir. Bu, nə dərəcədə realdır?” sualını cavablandırarkən ifadə edib.

“Ermənistanın guya Azərbaycana hücuma hazırlaşmağına gəldikdə, bu mənasız, absurd bir söhbətdir.  Əvvəla, 2020-ci ilin 44 günlük savaşından üzü bəri Azərbaycan ordusunun apardığı möhtəşəm əməliyyatlar sayəsində Ermənistanın beli elə sınıb ki, o bir daha özünü düzəldə bilməz. Onun öz ordusunu, həmçinin iqtisadiyyatını, hərbi və iqtisadi resurslarını bərpa etməsi üçün on illərlə vaxt lazımdır. İkincisi də, Ermənistana Hindistandan, Fransadan da hərbi, hətta iqtisadi yardım göstərilsə belə, bu ölkə yenə də Azərbaycanın hərbi və iqtisadi səviyyəsinə heç yarım əsrə də çata bilməz. Çünki əvvəla, bizim insan resurslarımız da, iqtisadi imkanlarımız da böyükdür. Üçüncüsü də,  Azərbaycan Silahlı Qüvvələrinin bu gün malik olduğu silah-sursat və texnikalar ermənilərin Hindistandan da, Fransadan da aldığı silah-sursat və texnikalardan dəfələrlə üstündür.  Dördüncüsü də, ermənilərin iki əsrlik sahibi olan Rusiya da onlardan üz döndərib. Fransa isə istəsə belə, Ermənistana gərəyincə nə iqtisadi, nə də hərbi yardım edə bilər. Bizim isə Türkiyə kimi qardaşımız, Pakistan kimi dostumuz, İsrail kimi müttəfiqimiz var”,- deyə davamında general-mayor vurğulayıb.