Azərbaycan prezidenti Şuşadan bir daha qətiyyətli mövqeyini ortaya qoydu – Millət vəkili

17:24 25.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Dünya Azərbaycanlılarının V Qurultayı" əlamətdar hadisədir. Qurultayda 65 ölkədən 400 nəfər diaspora nümayəndəsi və xaricdə yaşayan azərbaycanlıların iştirak edərək birlik nümayiş etdirməsi bütün bədxahlara verilən ən tutarlı cavabdır. Bu qurultay qururvericidir, şəhidlərimizin ruhunu şad edən hadisədir, bu gün şəhid ailələrinin ürəyinə bir az da olsa su səpilir, bu gün hər bir azərbaycanlı üçün əlamətdar, şərəfli bir gündür. Bəli, bu gün Şuşa azaddır və dünya azərbaycanlılarının mənəvi paytaxtıdır”

Bunu hafta.az-a Milli Məclisin deputatı Razi Nurullayev Şuşada keçirilən Zəfər Qurultayında Prezidentin açıq şəkildə ermənilərə, eləcə də dünyaya verdiyi mesajlara diqqət çəkərkən bildirib.

Deputat bəyan edib ki, Şuşa Qurultayı bütün dünya azərbaycanlılarının həmrəyliyinin, birlikdəliyinin nümunəsidir. 

“Azərbaycan prezidenti Şuşadan bir daha qətiyyətli mövqeyini ortaya qoydu, Azərbaycan geri addım atmayacaq, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq və tanınacaq. Bizim də səbrimizin bir həddi var, Ermənistan bunu nəzərə almalıdır. İkinci zərbə Ermənistana daha ağır, daha baha başa gələcək. İkinci dəmir yumruğu Ermənistan qaldıra bilməyəcək.

Qarabağda Azərbaycanla Ermənistan arasında münaqişənin uzanması heç kimin xeyrinə deyil, özəlliklə Ermənistanın. Bunu hər kəs anlamalıdır.

Biz qərbdən, dünya ölkələrindən, Ermənistandan Ukraynada baş verənlərdən dərs çıxararaq Qarabağ məsələsində qətiyyətli mövqey gözləyirik. Tək çıxış yolu sülhdür, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır.

Əks halda Azərbaycan xalqı yenə dəmir yumruq kimi birləşəcək. Bunun nəticəsini isə hər kəs yaxşı bilir”.

Ermənistan silahlı qüvvələrinin hələ də Qarabağda qaldığını, ordumuzun darmadağın etdiyi Ermənistanın hələ də ərazi bütövlüyümüzü tanımaq istəmədiyini, Rusiyanın yenə də öz ampulasında olduğunu deyən deputat, nəhayət dünya və ermənilərin reallığı qəbul etməli olacağını bildirib.

“Lakin nə olur olsun, sülh qaçılmazdır, sülh müqaviləsi bağlanmalıdır. Bunu ən çox da ermənilər istəməlidir. Əgər Qarabağda, Azərbaycanda yaşayan ermənilər normal həyat yaşamaq istəyirlərsə Azərbaycan vətəndaşlığını qəbul etməli, Azərbaycan qanunlarına tabe olmalıdırlar. Başqa çıxış yolu yoxdur. Azərbaycan dövləti bunu dəfələrlə bəyan edib.

Azərbaycan ilk gündən Qarabağ məsələsində qətiyyətli və sülhə çağıran tərəf olub. Bu gün də dövlətimiz bu siyasətini davam etdirir. Ermənistan istəsə də, istəməsə də, bu sülh olacaq, Azərbaycanın ərazi bütövlüyü tanınacaq, istər sülhlə, istər bir daha hərbi yolla. Dünya da bunu qəbul etməlidir”.