“Qarabağda yaşayan ermənilər Rusiyanın Ağdam-Xankəndi yolundan göndərdiyi ərzaqla dolu yük maşınlarını da qəbul etməkdən imtina edir, aksiyalar keçirdirlər. Bu da onun göstəricisidir ki, ermənilər iddia etdikləri kimi hər hansı bir humanitar fəlakətlə üzləşməyib”.
Bunu hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirib.
M.Məmmədli qeyd edib ki, əgər ermənilər hər hansı bir açlıq keçirsəydilər, o ərzaq yüklərinin hansı istiqamətdən gəlməsinin onlar üçün hər hansı fərqi olmamalı idi. Digər bir tərəfdən yaranmış vəziyyət Ermənistan hakimiyyətinin və onun Qarabağdakı uzantısının əsl mahiyyətini, proseslərdə nə dərəcədə destruktiv rol oynadığını ortaya qoyur.
"Azərbaycan bu günə qədər problemlərin əsas vasitəsi kimi diplomatiyanı görüb, danışıqlar aparıb. Hələ birinci Qarabağ müharibəsindən əvvəl də uzun illər ərzində Azərbaycan Ermənistanla danışıqlar aparıb. Danışıqlar potensialı bitdikdən sonra Ermənistanın təxribatlarına cavab olaraq hərb yolunu seçib və nəticədə də torpaqlarımız işğaldan azad edilib. Azərbaycan siyasətin hər iki üzünü Ermənistana və Qarabağdakı qondarma cinayətkar rejimə göstərib. Azərbaycanın ixtiyarının hər iki vasitə qalmaqdadır. Ermənistan ümid etməsin ki, biz uzun müddət onların nazı ilə oynayacaq. Yaxın pespektivdə Azərbaycan Qarabağda öz suverenliyini bərpa etmək üçün hər bir addımı atacaq”.