Azərbaycanda dekarbonizasiya bütün mümkün vasitələrlə dəstəklənəcək - Mikayıl Cabbarov

12:34 25.09.2024
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda dekarbonizasiya prosesi və alternativ enerji mənbələrinə keçid bütün mümkün vasitələrlə, o cümlədən vergi siyasətinin tətbiqi ilə dəstəklənəcək.

Bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda karbon emissiyalarının qiymətləndirməsi üzrə Beynəlxalq Forumda bildirib.

"Karbon emissiyalarının qiymətləndirilməsi prosesi çərçivəsində kiçik və orta biznesin maraqları nəzərə alınaraq, onların inkişaf tendensiyalarını dəstəkləməklə yanaşı, toplanan vəsaitlərin və karbon vergilərinin biznesin inkişafına yenidən sərf edilməsini nəzərdə tutan dövlət dəstəyi tədbirləri tətbiq ediləcək. Bizim ölkədə dekarbonizasiya prosesi və alternativ enerji mənbələrinə keçid bütün mümkün vasitələrlə, o cümlədən vergi siyasətinin tətbiqi ilə dəstəklənəcək. Vergi siyasəti ölkəmizin iqtisadi və siyasi proseslərinin mühüm bir hissəsidir. Bu effektiv alət özəl investisiyaların cəlb edilməsində, iqlim dəyişmələri ilə mübarizədə və ‘yaşıl’ texnologiyaların istifadəsinin genişləndirilməsində əsas rol oynayacaq. Dövlət vergi xidməti ekoloji və ‘yaşıl’ vergilərin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübəni araşdırır”, - o bildirib.

Nazirin sözlərinə görə, Xəzər regionunun ‘yaşıl’ enerji istehsalı və ixracı mərkəzinə çevrilməsi Azərbaycanın əsas prioritetlərindən biridir.

“Xarici investisiyalar əsasında bərpa olunan enerji, azad edilmiş ərazilərin ‘boz zonadan‘ ‘yaşıl enerji‘ zonasına çevrilməsi və Xəzər regionunun ‘yaşıl’ enerji istehsalı və ixracı mərkəzinə çevrilməsi bizim əsas prioritetlərimizdir,” – o, əlavə edib.