Bakı küləkli havanın fəsadları - Ağaclarla bağlı monitorinq gücləndirilməlidir

14:41 06.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakı küləklər şəhəridir. Biz ilin bütün fəslində sərt küləyi Bakıda müşahidə edə bilərik. Bəzən isə havanın qeyri-sabit keçməsi paytaxtda ağacları aşırmaqdan da yan keçmir.

Elə avqust ayının 5 –də Paytaxtın Yasamal rayonunda, Azərbaycan Milli Elmlər Akademiyasının həyətində külək ağacı bankomatın üzərinə aşırıb. Hadisə nəticəsində yaxınlıqdan keçənlər xəsarət almayıb. Nərimanov rayonunda, Atatürk prospektində ağac yolun ortasına aşıb və nəqliyyatın hərəkəti üçün maneə yaradıb. “Malakan bağı”nda isə iri gövdəli ağac avtomobilin üzərinə aşıb. Binəqədi rayonu 7-ci mikrorayonda 5 mərtəbəli yaşayış binasının qarşısında da ağac avtomobilin üzərinə aşıb.

Digər hadisə isə Yasamal rayonunun Hüseyn Cavid prospektində qeydə alınıb. Güclü küləyin təsirindən prospektdəki yaşayış binalarından birinin damı uçub.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsindən hafta.az-a verilən açıqlamalaya görə, dünən səhər saatlarından idarəyə ağac aşması ilə bağlı 48 müraciət daxil olub: 

“Bu gün səhər saat 8-dən indiyə qədər idarəyə əhali tərəfindən ağac aşması ilə bağlı 48 müraciət daxil olub. Ən çox fəsadlar Nərimanov, Səbail, Nəsimi və Nizami rayonlarında qeydə alınıb. Zəngi qəbul edən kimi dərhal briqadalarımız həmin ərazilərə yollanıblar. Çalışırıq ki, güclü küləyin fəsadlarını günün sonunadək aradan qaldıraq”, – Bitkilərin Mühafizəsi şöbəsindən bildirilib.

Bəs belə qocalmış, qurumuş ağaclarla bağlı monitorinqlər aparılırmı?

Ekoloq Telman Zeynalov hafta.az-a açıqlamasında dedi ki, bununla bağlı Ekologiya Təbii Sərvətlər Nazirliyi monitorinqlər aparmalıdır. Azərbaycanda 9 iqlim qurşağı mövcuddur. Əkilən ağaclar iqlim qurşağına aid flora və faunaya uyğun olmalıdır:

"Xaricdən digər iqlim qurşağına aid bitkiləri gətirib burada əkdikdə buranın iqliminə uyğunlaşa bilmir. Bakı küləkli şəhərdir. O bitkilər bu küləyə tab gətirə bilmir. Ucuz qiymətə alınıb burada əkilsə də, yerli təbiətə uyğunlaşmır. Bizim iqlimə uyğun ağaclar isə vaxtı ilə məhv edilib. Hazırda genləri dəyişdirilmiş ağaclar əkilir. Bunun da nəticəsi belədir. Tədbir görülməsə, gələcəkdə daha ağır fəsadlara yol aça bilər".