Bakıda Hindistan Respublikasının 75 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib.
Hafta.az-ın nümayəndəsinin də qatıldığı təntənəli tədbirdədövlət və hökumət rəsmiləri, millət vəkilləri, diplomatik korpus və ictimaiyyət təmsilçiləri iştirak edib.
Öncə Azərbaycan və Hindistanın dövlət himni səsləndirilib.
Açılış çıxışı edən Hindistanın ölkəmizdəki səfiri Sridharan Madhusudhanan Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və dayanıqlılığa önəm verdiklərini bildirib: “Biz görürük ki, Azərbaycan siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə də böyük önəm verir. Biz ikitərəfli ticarət əlaqələri inkişaf etdirmişik. Ölkələrimiz arasında ikitərəfli ticarət əlaqələrimiz güclüdür, Hindistan Azərbaycanın ən böyük 7 ticarət tərəfdaşından biridir. Amma bununla kifayətlənmirik, bilirik ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artımı üçün ciddi perspektiv var".
O qeyd edib ki, 2023-cü ildə Hindistan Azərbaycandan üçüncü ən çox xam neft idxal edən ölkə olub.

"Hindistan həm də Azərbaycanın ən böyük turizm mərkəzidir. Əminəm ki, Bakıdan Dehli və Mumbaya həftədə yeddi dəfə həyata keçirilən reyslər xalqlarımız arasında əlaqələri genişləndirəcək", - diplomat əlavə edib.
“Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dost Hindistan Respublikası ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb. Qısa vaxt sonra – 1992-ci ilin fevralında isə ölkələrimiz arasında diplomatik əlaqələr qurulub və biz 2022-ci ildə diplomatik əlaqələrimizin 30 illiyini qeyd etmişik”.
Bu sözləri tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

Nazir müavini bildirib ki, son zamanlar dövlətlərimiz arasında əlaqələrin inkişafında böyük addımlar atılır. O cümlədən, ikitərəfli, beynəlxalq və regional müstəvilərdə keçirilən görüşlər Azərbaycan-Hindistan münasibətlərini daha da dərinləşdirir. Məsələn, son olaraq Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Zirvə toplantısı çərçivəsində ölkələrimizin xarici işlər nazirləri arasında baş tutan görüş ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığımızın gələcək perspektivi üçün əhəmiyyətlidir.
“Müəyyən fasilədən sonra ölkələrimiz arasında ticarət, iqtisadiyyat, yeni texnoloji əməkdaşlıq üzrə 6-cı hökumətlərarası iclasın baş tutması və bu çərçivədə AzerGold QSC və Azərbaycan İnvestisiya Şirkətinin Hindistan şirkəti ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memerandumu imzalaması təqdirəlayiqdir. Ümid edirik ki, hökumətlərarası komissiyanın Hindistan tərəfindən həmsədri, ticarət və sənaye üzrə Dövlət naziri xanım Anupriya Patelinölkəmizə səfəri ötən il Azərbaycanla Hindistan arasında olan 1,5 milyard dollarlıq ticarət həcmini bu il daha da artırmağa imkan verəcək”, - E.Məmmədov deyib.

Nazir müavini deyib ki, bu gün iki ölkə arasında qeyri neft sektoru və digər sahələr üzrə əməkdaşlığı daha da artırmaq üçün böyük potensial var. Bu da öz növbəsində Azərbaycanın sənaye zonalarında istehsal olunan məhsulları Hindistan bazarına çıxarmağa və Hindistan şirkətlərini Azərbaycanın sənaye zonalarındakı layihələrə sərmayə qoymağa təşviq edir. “Azərbaycan və Hindistan regiondakı nəqliyyat və kommuniksiya xətlərinin inkişafında maraqlıdırlar. Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsinin geniş imkanlarından səmərəli istifadə yalnız birgə səylərimiz nəticəsində mümkün ola bilər” deyən XİN başçısının müavini bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində çox böyük tikinti-quruculuq layihələri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində yaradılmış nəqliyyat qovşağı sülh və regionlararası iqtisadi əlaqələrin inkişafına imkanlar açır. Xüsusilə də Ağdam və Cəbrayıl rayonlarında yaradılmış sənaye zonalarına maraq daha da artmaqdadır və Azərbaycanın işğaldan azad olunmuş bölgələrdə yaşıl enerji zonasının qurulması əsas istiqamətlərdəndir. Bu müstəvidə Azərbaycan tərəfi Hindistanı sözügedən layihələrin icrasına töhfə verəcəyinə inanır.

E.Məmmədov qeyd edib ki, ötən il AZAL tərəfindən Bakı-Dehli-Bakı hava reysinin bərpa edilməsi,eləcə də Hindistan şirkəti tərəfindən Dehli-Bakı-Dehli, AZAL tərəfindən əlavə olaraq Bakı-Munbay-Bakı uçuşlarına başlanılması ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri ilə yanaşı, həm də turizm sektorunda əlaqələrin inkişafına stimul verməkdədir. O bildirib ki, 2023-cü ildə Hindistandan Azərbaycana səyahət edən turistlərin sayı 117 min nəfərə çatıb, bu da 2022-ci illə müqayisədə böyük artımın göstəricisidir.
“Əlaqələrimizin inkişafında ənənəvi humanitar sahə də böyük rola malikdir. Cənab səfirin də dediyi kimi, Hindistan film sənayesinin ölkəmizin füsunkar bölgələrinə marağı durmadan artmaqdadır. Son ildə Hindistanın ölkəmizdə çəkdiyi daha iki filmin bu il ekranlara çıxması xalqlarımız arasında mədəni əlaqələri daha da sıxlaşdıracaq” deyən nazir müavini çıxışının sonunda ölkələrarası qanunverici sahəyə də münasibət açıqlayıb. Bildirib ki, bu il Azərbaycan - Hindistan Parlamentlərarası əlaqələrdə dönüş ilinin olacağına inanır.

“Biz 2024-cü ildə Hindistan parlamentində Azərbaycanla dostluq qrupunun yaradılacağını gözləyirik”, - E.Məmmədov çıxışını tamamlayıb.
Çıxışlardan sonra tədbir hind mahnı və rəqslərinin müşayiəti ilə qeyri-rəsmi formada davam edib.