Bakının Avropa Parlamenti ilə əlaqələri kəsməsi şərh edildi

15:46 07.05.2026 Müəllif:Arzu Zeynallı
Yazını böyüt
Yazını kiçilt

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Avropa Parlamentinin suveren dövlətlərə münasibətdə siyasəti fonunda Azərbaycanın bu struktur ilə əməkdaşlığı dayandırması qərarı təəccüb doğurmur.

Hafta.az xəbər verir ki, Mariya Zaxarova Moskvada keçirilən brifinqdə Bakının qərarını şərh edib.

M.Zaxarova bildirib ki, Azərbaycan Avropa Parlamentinin “kobudluğu, hörmətsizliyi və ölkənin daxili işlərinə birbaşa müdaxiləsi” ilə qarşılaşan yeganə dövlət deyil:

"Bu, Azərbaycanın suveren hüququdur. Bu, Bakının qondarma Avropa Parlamenti ilə əlaqəni dayandırmaq barədə suveren qərarıdır. Həmin qərar təəccüb doğurmur”.

Rusiya XİN-in rəsmi nümayəndəsi Avropa Parlamentinin qəbul etdiyi qətnamələri kəskin tənqid edərək onları “təkcə siyasiləşdirilmiş deyil, həm də feyk” adlandırıb:

"Bu qurum nasaz printer kimi bu cür sənədləri sonsuza qədər çap edir. Avropa Parlamentinin üçüncü ölkələrlə bağlı qətnamələrinin ritorikası təkəbbürlü mentor tonuna malikdir. Sanki hər hansı metropoliya öz müstəmləkələri ilə danışır. Avropa Parlamenti çoxdandır ki, Brüsselin yeni ultra-liberal siyasətinin ruporuna çevrilib və demokratiya ilə heç bir əlaqəsi yoxdur".

O, həmçinin qurumu feyk xəbərlər yaymaqda, söz azadlığını boğmaqda və tarixin manipulyasiyasında ittiham edib. Eyni zamanda, qeyd edib ki, Azərbaycan Avropanın başqa strukturları ilə qarşılıqlı fəaliyyətini davam etdirir:

“Bakı Avropanın digər strukturları ilə dialoqunu davam etdirir, amma yenə də bu məsələdə suveren hüquqa malikdir”.