Baxmutu işğal edərkən Rusiyanın 60 min əsgəri ölüb və yaralanıb

12:00 02.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qərb kəşfiyyatı güman edir ki, Rusiya Ukraynanın şərqindəki Baxmut şəhərini ələ keçirmək üçün ən azı 60 mindən çox hərbi qulluqçusunu qurban verib.

Hafta.az-ın “Sky News”a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə adının açıqlanmasını istəməyən Qərb rəsmisi bildirib.

"Hesab edirik ki, Baxmutun ələ keçirilməsi, yəqin ki, bir illik döyüş zamanı Baxmut-Popasnaya sektorunda Rusiyaya ən azı 60 min itki bahasına başa gəlib", - o deyib.

O, deyib ki, 60 min həm yaralılar, həm də ölülər daxil olmaqla cəbhənin bu hissəsində Rusiya itkilərinin "mühafizəkar təxmini"dir. Rəsmi əlavə edib ki, onlardan ən azı 20-25 mini ölüdür.

Jurnalistlərin həmsöhbəti şəhəri “strateji baxımdan əhəmiyyətsiz” kimi qiymətləndirərək əlavə edib ki, Qərbin fikrincə, “Ukrayna bölmələri şəhərin əsas tikilmiş hissəsindən geri çəkilib”.

"Biz görürük ki, "Vaqner" PMC-nin qüvvələri ən azı indiyə kimi Baxmutdan geri çəkilmə prosesindədir. Bu güc elementlərinin dəyişdirilməsi Rusiyanın onsuz da həddən artıq yüklənmiş nizami qüvvələrinin ciddi səylərini tələb edir", - rəsmi qeyd edib.

Qərb rəsmisinin sözlərinə görə, Ukrayna ilə müharibədə Rusiya itkilərinin ümumi sayı 200 mini ötüb.

Mayın 21-nə keçən gecə Rusiya Müdafiə Nazirliyi aylarla davam edən hücum kampaniyasından sonra Baxmutun ələ keçirildiyi barədə məlumat verib. Ukrayna tərəfinin ordunun Baxmutun bir hissəsinə nəzarəti davam etdirdiyini iddia edilir.