Səbəb Tarif Şurasının qərarları, inhisarçılıq meyilləri və pandemiyadır
Ölkədə əməkhaqlarının və təqaüdlərin artırılması ilə bağlı son qərardan sonra istehlak mallarının da qiymətində artım müşahidə edilir. Hələ nəzərə alsaq ki, suyun və yanacağın qiyməti qaldırılıb, bu zaman işin mahiyyəti bir qədər də dəyişir. Ötən illə müqayisədə bir sıra iri mağazalarda həm yerli, həm də xarici məhsulların bahalaşdını görürük. Bəs görəsən, bahalaşma süni qiymət artımıdır, yoxsa tələbat? Əməkhaqlarının və təqaüdlərin qaldırılması ilə qiymət artımı arasında nə kimi tarazlıq var? Bu tarazlığı hansı qurumlar tənzimləyir?
Hafta.az bu və digər suallara aydınlıq gətirmək üçün mütəxəssisə müraciət etdi. İqtisadçı-ekspert Fuad İbrahimov mövzu ilə bağlı fikirlərini bizimlə bölüşdü. Onun sözlərinə görə, qiymət bahalaşması, adətən, bazarda təklifin azalması və ya tələbatın artması ilə ola bilər. Bizdə hal-hazırda bu 2 göstərici ilə bağlı heç bir problem yoxdur:
“Nə tələbat çoxalıb, nə də təklif azalıb. Məhsulların qiymətində artım baş verib. Bahalaşmanı ilk növbədə dizel yanacağının və suyun qiymətinin qalxması ilə əlaqələndirmək olar. Buna da baza inflyasiyası deyilir. Baza inflyasiyası hökumət tərəfindən hər hansısa bir məhsulun, əmtəənin, xidmətin qiymətinin artırılması zamanı baş verir. Suyun qiymətinin qaldırılmasının buna hər hansı bir təsiri olmasa belə, dizel yanacağının 33%-ə qədər bahalaşması şübhəsiz ki, qiymət əmələ gəlmə prosesinə təsir edir. Bütün topdan və pərakəndə satış mərkəzlərinə, ticarət obyektlərinə daşınmalar məhz dizel yanacağı ilə işləyən avto nəqliyyatlarla həyata keçirilir”.
Ekspert qeyd edir ki, əgər yaxın gələcəkdə kənd təsərrüfatına subsidiyalar ayrılmasa, artıq həmin məhsulların da üzərində bu 33%-lik dizel yanacağı fərqini görmüş olacağıq. Bundan başqa, iri marketlərdə qiymətlərin artmasına digər səbəb isə iş adamlarının devalvasiya xofudur:

“Qiymət artımı gözləntiləri yarandığı halda, sahibkarlar da əvvəlcədən özlərini sığortalayırlar. Beləcə, hər hansı bir artım baş versə və bu, manatın məzənnəsinə təsir etmiş olsa, onlar ziyanla üzləşməsinlər. Devalvasiya olduqda idxal olunan mallarda təhlükə yarana bilər. Belə bir sual yaranır ki, yerli istehsal olunan məhsulların qiyməti niyə artıb? Burada da inhisarçılıq siyasətini və yerli istehsalın tərkibindəki idxal amilini nəzərə almaq lazımdır. Biz bilirik ki, Azərbaycanda müəyyən bir məhsulun tam şəkildə istehsalı baş vermir. Hansısa bir hissəsinin, yaxud elə məhsulun özünün xaricdən gətirilib ölkəmizdə qablaşdırılması kimi siyasət var. Biz inhisarçılıq siyasətindən və yerli istehsalı idxal amilindən qurtara bilsək, onda bu problem yaranmaz”.
Mütəxəssis maaş və pensiyaların artması ilə məhsulların bahalaşması arasında tarazlığın olmadığını da vurğuladı. Onu da əlavə etdi ki, hazırda nəinki ölkəmizdə, ümumiyyətlə, MDB məkanında belə bir anlayış yoxdur:
“Sovet vaxtı belə bir yanaşma var idi. Bunun üzərində elmi tədqiqat institutları, İqtisadiyyat Nazirliyi, Dövlət Plan komitələri işləyirdi. Beləliklə, insanların istehlakçı səbəti indeksi onun aldığı maaşla uyğunlaşdırılırdı. Daha sonra, bizdə bu anlayış itdi və Qərb ölkələrinə keçdi. Elmi Tədqiat İnstitutu tərəfindən şəffaf şəkildə işlənmiş istehlakçı indeks səbəti yaranmayana qədər bu problem ömürboyu qalacaq. Bu gün ölkəmizdə 22% artım etməyə imkan yaranır, lakin bununla paralel vətəndaşın xərcləri də 40% qalxır”.
Son olaraq F.İbrahimov ilin sonuna qədər neftin qiymətində bahalaşma olacağı təqdirdə büdcəyə əlavə gəlir gələ biləcəyini də söylədi. İnflyasiyaya gəldikdə isə ümumi kontekstdə onun ölçülməsi üçün düstur mövcuddur. Həmin düstur ilə bizdə ötən ilin inflyasiyası 2,8-3% elan edilmişdi. Bu il də proqnozlaşdırılır ki, 3-3,5% olsun. Bəzi məhsullar üzərində detallı şəkildə götürəndə burada da fərqlər yaranır. Görünən odur ki, bir sıra sahibkar gələcəkdə baş verə biləcək hər hansı risqli vəziyyət üçün indidən vətəndaşları oda atıb, özünü sığortalayır”.
Qeyd edək ki, Tarif Şurasının qərarında bildirilir ki, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Bununla yanaşı, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacaqdır.
Qiymət artımı ilə bağlı obyektiv səbəblərin olduğu da deyilir. Bu da əsas ticarət tərəfdaşımız olan Rusiyada son bir ayda qiymətlərin 8-10 faiz civarında bahalaşmasıdır. Ekspertlər vurğulayırlar ki, qida məhsulları sahəsində Rusiyadan ixrac böyük olduğu üçün bu amil daxili bazarımıza ciddi təsir göstərir. Rusiyadakı qiymət artımının Azərbaycana təsirini azaltmaq üçün ilk növbədə, daxili istehsal artırılmalı və ya alternativ mənbələrdən ixrac təmin edilməlidir. Digər yol isə gömrük rüsumlarına yenidən baxılması ola bilər.
Görünən odur ki, hələlik qiymət artımı sahəsində görüləcək çox iş var. Pandemiyanın təsirlərinin aradan qaldırılması istiqamətində atılan addımların qiymət bazarındakı dalğalanmaları nə zaman sabitləşdirəcəyinə dair proqnozlar isə hələlik qeyri-müəyyən olaraq qalır.