BBC Fələstinyönümlü yazısına görə 6 jurnalistə qarşı istintaq başlatdı

09:05 18.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın ictimai yayımı olan BBC, ərəb xidmətində çalışan 6 müxbirə qarşı İsrail əleyhinə mövqe tutduqları iddiası ilə istintaq başlatdı.

Hafta.az-ın yazdığına görə, istintaqın jurnalistlərin sosial media fəaliyyətləri ilə əlaqəli olduğu, Fələstin tərəfdarı və İsraili tənqid edən məzmunun "bəyənməsi və yenidən paylaşılması"nın araşdırma mövzusu olduğu bildirilib. Britaniya mediasında yayılan iddialara görə, araşdırılan yazılar arasında Həmas-ı “azadlıq döyüşçüləri” adlandıran və silahlı qrupun qəfil hücumlarını “ümid səhəri” kimi şərh edən yazılar var.

Mövzu ilə bağlı açıqlama verən BBC sözçüsü, "Biz bu məsələni sürətlə araşdırırıq. Redaksiya və sosial media təlimatlarımızın çox ciddi şəkildə pozulduğuna dair ittihamlar var. Bir pozuntu aşkar etsək, intizam tədbirləri də daxil ölçü götürəcəyik” deyib.

Ərəb xidmətinin əməkdaşları ilə bağlı araşdırma BBC-nin Həmas-ı “terrorçu” kimi təsvir etmədiyi üçün tənqid atəşinə tutulduğu bir vaxta təsadüf edir. BBC tərəfsizlik adı altında belə bir yanaşmaya əl atdığını bildirsə də, bəzi Britaniya qəzetləri qurumun bu münasibətini sərt ifadələrlə tənqid edib.

Məsələ ilə bağlı BBC-nin direktoru Tim Davieyə məktub yazan 7 keçmiş mədəniyyət naziri bu yanaşmanın əslində BBC-nin tərəfsizliyinə kölgə saldığını bildirib.

BBC-nin baş direktoru Deborah Turness mövzu ilə bağlı məktubunda qurumun heç bir qrup üçün “terrorçu” ifadəsini işlətməməsi qərarını müdafiə edərək, “Bunun səbəbi terror anlayışının siyasiləşərək silah kimi istifadə olunmasıdır" deyib.

Oktyabrın 7-də Həmas-ın hücumları ilə başlayan gərginliklə bağlı xəbərlərində BBC-nin israillilər üçün “öldürülmüş”, fələstinlilər üçün isə “ölü” sözlərini işlətməsi reaksiya doğuran məsələlərdən biri olub.