Benzin bahalaşacaq?

11:10 14.11.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın yanacaq bazarında 2026-ci ildən etibarən mühüm dəyişikliklər gözlənilir. Avtomobil sahibləri üçün yalnız cib xərcləri deyil, həm də nəqliyyat və logistika sahələrində xərclər artacaq. Belə ki, Milli Məclisə təqdim olunan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi avtomobil benzini, dizel yanacağı və maye qaz üçün tətbiq edilən yol vergisinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur.

Hazırda hər litr üçün 2 qəpik olan yol vergisi, təklif edilən dəyişikliklərlə 7 qəpiyə qədər yüksələcək. Bu, 3,5 dəfə artım deməkdir və həm daxili istehsal olunmuş, həm də idxal olunan yanacaqlara şamil olunacaq. Yol vergisi məbləğinin artırılması ilə bağlı qərar, müvafiq icra hakimiyyəti orqanı tərəfindən toplu vəsaitlərin büdcə fondları arasında məqsədli bölgüsü çərçivəsində həyata keçiriləcək. Bu vəsaitlər əsasən yol infrastrukturu, nəqliyyat təhlükəsizliyi və əlaqəli layihələr üçün sərf olunacaq.

Ekspertlər bildirirlər ki, yol vergisi artımı ilə yanaşı, dünya neft qiymətlərindəki dalğalanmalar, idxal xərcləri və yerli istehsalın maya dəyəri də yanacaq qiymətlərinə təsir göstərəcək. Bu, bazarda əlavə təzyiq yaradır və sürücülərin yanacaq xərclərində artım gözlənilməsinə səbəb olur. Sosial baxımdan isə bu artım, orta və aşağı gəlirli vətəndaşların xərclərinə təsir edəcək. Dövlətin bu təsirləri minimuma endirmək üçün tarif tənzimləmələri və subsidiya mexanizmləri həyata keçirməsi vacib sayılır.

Mövzu ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban vurğulayıb ki, yanacağın qiymətindəki dəyişikliklərin əsas səbəbi aksizlərdir: “1 manat, yaxud 1 manat 10 qəpiyə satılan yanacağın içində aksiz də var. Aksiz nədir? Dövlətə gedən verginin bir növü. Bunun miqdarı artanda, benzinin satış qiyməti də artmalıdır ki, satıcının ehtiyaclarını ödəyə bilsin. Xaricdə xam neftin alış qiymətləri dəyişdiyində qiymət də dəyişir, lakin ilin yekununa görə, bu o qədər də artıma gətirib çıxarmır. Bizdə isə daxili bazarda Azneft İstehsalat Birliyinin Neft Emalı Zavoduna satdığı neftin qiyməti stabildir. Dünya bazarında 50 dollar, yaxud 150 dollar olsun, eyni qiymət qalır. Bu baxımdan, daxili bazarda aksizlərin və digər komponentlərin dəyişməsi qiymətlərin korreksiyasına səbəb olur”.

Məsələ ilə bağlı iqtisadçı Eldəniz Əmirov deyib ki, yol vergisi bir ölkəyə idxal olunan benzin və digər yanacaq növlərinin hər litrinə görə dövlət büdcəsinə ödənilən vergi növüdür: “Bu verginin toplanılmasında əsas məqsəd həmin yolların saxlanılması və digər nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün maliyyələşməni təmin etmək, bu istiqamətdə dövlət xərclərinin qarşılanmasını həyata keçirməkdir. Yəni bu vergi istehsalçıya və ya idxal edən tərəfə tətbiq edilə bilər”.

Ekspert vergi məbləğinin 3,5 dəfə artırılmasından da bəhs edib: “Bunun yanacaq qiymətlərinə təsiri olacaq. Amma bu, o demək deyil ki, məhsulun qiymətinə 5 qəpik əlavə olunacaq. Burada bahalaşma riski faktoru var. Bütün hallarda, Azərbaycanda yanacağın qiyməti inzibati yolla tənzimləndiyi üçün bununla bağlı indi nəsə demək tezdir. Elə ola bilər ki, bununla bağlı ümumiyyətlə qərar qəbul edilməsin”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, yol vergisinin artırılması avtomobil yanacağı bazarında əlavə xərclər yaradır: “Avtomobil benzini üçün bu əlavə təxminən 4,5 faiz, dizel yanacağı üçün 5 faiz, maye qaz üçün isə 7 faizdir. Bazar şərtlərinin artan qiymətlərini nəzərə alaraq, böyük ehtimalla Tarif Şurası gələn ilin əvvəlində müvafiq məhsulların qiymətinin artırılması ilə bağlı qərar qəbul edəcək. Gözləntilərə görə, 2026-cı ildə avtomobil benzininin qiyməti təxminən 9 faiz, dizel yanacağı 10 faiz, maye qazın qiyməti isə 7 faiz artacaq”.

İqtisadçı həmçinin qeyd edib ki, artımın qarşısını almaq mümkün deyil: “Çünki müvafiq vergi növü üzrə artan xərcin qeyd edilən məhsulların maya dəyərində yerləşdirilməsi imkanı çox məhduddur. Bu isə onu deməyə əsas verir ki, növbəti ildən etibarən avtomobil benzini, dizel yanacağı və maye qazın qiymətlərində bahalaşma olacaq”.