Bərdədə taksi sürücüləri üçün təlim keçirilib

15:28 20.11.2025 Müəllif:Arzu Zeynallı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bərdə şəhərində taksi sürücüləri üçün təlimlər keçirilib. Noyabrın 17-dən 20-dək təşkil olunan təlimlərə 50 sürücü cəlb olunub.

Bu barədə Hafta.az-a Agentlikdən bildirilib.

Bildirilir ki, xüsusi hazırlıq proqramına taksi ilə sərnişindaşıma qaydaları, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, etik davranış qaydaları, eləcə də ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib.

Taksi fəaliyyəti üçün şəhadətnamə əldə etmək istəyən sürücülər müvafiq təlimləri tamamlamalı və imtahan verməlidirlər. Təlim mərhələsi bitdikdən sonra sürücülərin məlumatları Dövlət İmtahan Mərkəzinə təqdim olunacaq və namizədlər imtahandan uğur qazanaraq şəhadətnamə əldə edə biləcəklər.

Qeyd edək ki, təlimlər “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri üzrə” proqrama əsasən təşkil olunur.