Bir il ərzində Ukrayna Qərbin vəd etdiyi pulun yalnız yarısını alıb

12:50 21.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qərb ölkələri və təşkilatları Rusiyanın hərbi əməliyyatlara başlamasından sonra Ukraynaya ümumilikdə 64 milyard avro göndərəcəklərini vəd ediblər. Bununla belə, ötən ilin sonuna qədər Kiyev bu məbləğin yarısından azını - 31 milyard avronu alıb, deyə Financial Times Kiel Dünya İqtisadiyyatı İnstitutunun araşdırmasının nəticələrinə istinadən yazır.

İnstitutun araşdırmasında qeyd olunur ki, hərbi əməliyyatların başlanmasından sonra maliyyənin bir hissəsinin ayrılması üçün Avropa İttifaqına siyasi və hüquqi razılıq almaq üçün altı aya qədər vaxt lazım olub. Eyni zamanda, analitiklər belə qənaətə gəliblər ki, Qərb dövlətləri keçmişdə müqayisə olunan münaqişələr zamanı yardım üçün daha çox vəsait ayırıblar. Xüsusilə, 1990-1991-ci illər Körfəz müharibəsi zamanı müttəfiqlərin dəstəyi Almaniyaya ÜDM-in 0,5%-nə başa gəldi ki, bu da Berlinin Kiyev üçün vəd etdiyi vəsaitdən təxminən 3 dəfə çoxdur.

Analitiklər bildirirlər ki, Avropa İttifaqı və Avropa İnvestisiya Bankı son bir ildə təxminən 30 milyard avro ayırmaq barədə razılığa gəliblər, lakin bu məbləğin 17,5 milyardı hələ alınmayıb. Noyabr ayında Aİ ödəniş mexanizmini yenidən nəzərdən keçirərək, 2023-cü ildə Ukraynanın “müntəzəm və proqnozlaşdırıla bilən maliyyə yardımı” alacağına, Kiyevin aylıq təxminən 1,5 milyard avro alacağına əmin olub.

Ukrayna prezidentinin administrasiyası etiraf edib ki, ödənişlərin “davamsız, gecikdirilmiş və sabit olmaması” ilə bağlı problem var.

Fevralda Ukrayna Maliyyə Nazirliyi bəyan edib ki, Kiyev hər ay xarici tərəfdaşlardan 3 milyard dollar almalıdır.