Birləşmiş Ərəb Əmirliklərində kazinolar qanuniləşdirilir

11:15 05.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkədə kazino mərkəzlərinin yaradılmasına yol açmağa hazırlaşır.

Hafta.az-ın WAM-a istinadən yazdığına görə, ölkədə qumar və müxtəlif oxşar oyunlara nəzarəti öz üzərinə götürməsi gözlənilən "General Commercial Casino Regulatory Authority (GCGRA)" adlı bir qurum rəsmən fəaliyyətə başlayıb.

Xəbərə görə, qumar sənayesində köklü təcrübəyə malik bəzi ABŞ adları “General Commercial Casino Regulatory Authority”yə rəhbər təyin edilib. GCGRA prezidenti Cim Murren və Kevin Mullalli baş menecer təyin olunub.

GCGRA-nın idarəedici direktoru vəzifəsinə təyin olunan Mullalli deyib: "GCGRA-nın ilk CEO-su vəzifəsinə təyin olunduğuma görə çox şadam. Təcrübəli həmkarlarımla birlikdə BƏƏ-nin lotereya və qumar sənayesi üçün möhkəm tənzimləyici orqan və sistem qurmağı səbirsizliklə gözləyirəm".

BƏƏ-nin ölkədə kazino açmaq potensialına malik ilk Körfəz ölkəsi olacağı gözlənilir.

Sosial məsuliyyətli və yaxşı tənzimlənən qumar mühiti yaratmağı qarşısına məqsəd qoyan “Ümumi Ticarət Kazino Tənzimləmə Orqanları” kazino lisenziyalarının verilməsini, tənzimləmə fəaliyyətinin əlaqələndirilməsini və kommersiya qumar oyunlarının iqtisadi potensialının reallaşdırılmasına yardım etməyi planlaşdırır.

Bloomberg-in hesabatına görə, qumar sənayesində açılış edən BƏƏ bu irəliləyişlə illik 6,6 milyard dollar gəlir əldə edə bilər. BƏƏ-nin bu gəlirlə məşhur kazinoları olan Sinqapuru keçə biləcəyi düşünülür.

Artıq qumar sənayesini BƏƏ-yə gətirmək üçün müxtəlif səylər göstərilir.

Las-Veqasda yerləşən mehmanxana və kazino biznesi Wynn Resorts, BƏƏ-nin Ras əl-Xeymə əmirliyində böyük bir otel və kazino kurortu tikəcəyini açıqlayıb. 2027-ci ildə istifadəyə veriləcək "Wynn El Coral Island" adlı böyük obyektin 4 adadan ibarət olan Əl-Koral adalarının mənzərəsindən ilhamlanaraq inşa ediləcəyi bildirilib. 3,9 milyard dollarlıq kazino və otel adası layihəsi ilə BƏƏ qlobal turizm məkanı kimi seçilmək məqsədini davam etdirməyə çalışır.

Hazırda BƏƏ-də qumar oyunları qeyri-qanuni olsa da, bəzi kazino operatorları bu qadağanın ləğv oluna biləcəyini deyirlər.