“Parlament seçkilərində Ermənistan xalqı sülhə, regional inkişafa və əməkdaşlığa səs verdi”.
Hafta.az yazır ki, Armenpress-in məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu mətbuat konfransında bir türk jurnalistin Ermənistandakı parlament seçkilərindən sonra Türkiyə və Azərbaycana mesajı ilə bağlı sualını cavablandırarkən bildirib.
"Ümid edirəm ki, həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət cavab olacaq. Biz Ermənistanla Azərbaycan arasında sülhü təsis etməli, həmçinin Türkiyə ilə sərhədimizi açmalıyıq - yəni Türkiyə sərhədi açmalıdır. Bundan əlavə, diplomatik münasibətlər qurmalıyıq. Yeri gəlmişkən, Axalkalaki-Qars dəmir yolunun Ermənistan mallarının idxalı və ixracı üçün açılması qərarına görə minnətdarıq. Türkiyə ilə münasibətlərimizdə çox yaxşı impuls var, lakin diplomatik münasibətlər qurmaq və tam açıq sərhədə nail olmaq üçün bu impulsu davam etdirməliyik", - deyə Paşinyan qeyd edib.
Baş nazir xatırladıb ki, Ermənistan və Azərbaycan artıq sülh müqaviləsini paraflayıblar. "Biz onu imzalamalıyıq. Biz mümkün qədər qısa zamanda region üçün dönüş nöqtəsi olan TRIPP layihəsinə başlamalıyıq. Bu, bölgəmizə qarşı blokadanın aradan qaldırılması demək olacaq və bu, çox böyük xəbərdir, çünki bölgəmiz çıxılmaz vəziyyətdən yol ayrıcına çevrilir", - Baş nazir bildirib.