“Biz heç kimə suveren statusumuza son qoymaq səlahiyyəti verməyəcəyik” – Nur Vəli Məsud

14:50 15.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Xatırlayırsınızsa, az müddət öncə Pakistanda daxili siyasi-hərbi bir problem qabarmışdı. Dost ölkədə belə bir qalmaqallı hadisənin aktivləşməsi hətta bizi də narahat eləmişdi. Söhbət “Pakistan Talibanı” adlanan TTP-nin mərkəzi hökumətlə danşıqlardan çəkilməsi, necə deyərlər atəşkəsi pozmasından gedir. O vaxt TTP-nin şərti bu idi ki, İslamabad hökuməti həbs etdiyi təşkilat üzvlərini sərbəst buraxmalı, başqa bir sıra tələbləri də yerinə yetirməlidir. Amma deyəsən hökumət bu tələblərə isti yanaşmamışdı. Üstəlik, ölkə hökumətində baş verən dəyişiklik də bu məsələni arxa plana daşıdı. Amma ötən günlərdə TTP lideri, müfti Nur Vəli Məsudun (Əbu Mənsur Asim) media nümayəndələri ilə görüşməsi heç də problemin aradan qalmadığını göstərdi.

"Omar Media"da yayımlanan videomüsahibədə Nur Vəli Məsud bildirib ki, TTP ilə Pakistan hökuməti arasında danışıqlar indi də davam edir və hələlik yekun nəticə yoxdur. Danışıqlarda Pakistan hökumətini general Fayiz Həmid təmsil etsə də, TTP tərəfindən prosesi şəxsən özü nəzarətdə saxlayır. Cənab Məsud bildirib ki, danışıqların ana məqsədi milli əraziləri ilə bağlıdır. “Tələblərimiz aydındır: tayfa ərazilərinin Hayber Paxtunxva ilə birləşdirilməsi praktikasına son qoymaqdır. Biz bu tələbdən geri addım ata bilmərik” deyən TTP lideri qeyd edib ki, danışıqlar Əfqanıstan İslam Əmirliyinin vasitəçiliyi ilə aparılır. Amma Əfqanıstan sadəcə vasitəçi və ya ev sahibi deyil, həm də prosesin bir tərəfidir. O, əlavə edib ki, hələlik danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Amma Pakistan hökuməti ciddilik nümayiş etdirsə, irəliləyişə nail olmaq mümkündür.

Bu yaxınlarda məlumat yayıldı ki, TTP-nin bəzi üzvləri zindandan sərbəst buraxılıb. Xəbəri təsdiqləyən Nur Vəli Məsud deyib ki, düzdür, əsirlikdə olan üzvlərin bir neçəsi azad edilib. Amma əvəzində təşkilata mənsub döyüşçülərin həbsləri davam edir. Qarşı tərəfin bu qeyri-ciddi münasibəti isə danışıqlar prosesinə mənfi təsir edə bilər. “Danışıqlar zamanı müxtəlif tələblər irəli sürülüb. Ağlabatan və uyğun tələblər müzakirə oluna bilər. Amma TTP-nin nüfuzuna və statusuna xələl gətirəcək tələblər bizim üçün qəbuledilməzdir. Razılaşma yekunlaşdıqdan sonra hər iki tərəfə qarşı məhkəmə çəkişmələrinin avtomatik sona çatması təbidir. 15 ildən artıq davam edən müharibədə liderləri də daxil olmaqla yüzlərlə TTP döyüşçüsü, hətta Pakistan ordusunun əsgərləri həyatını itirdi. Həqiqət budur ki, bu müharibədə hər iki tərəfdən iqtisadi və insan itkiləri var. Bu barədə indi təfərrüatlara varmağa ehtiyac yoxdur, lakin bizim itkilərimiz hökumət tərəfinin itkilərindən xeyli azdır”, - deyib cənab Məsud.

Bəllidir ki, TTP-nin bu ilin əvvəlində ölkə daxilində hərbçilərə qarşı hücumları artıb və qeyri-adi şəkildə Bəlucistanda da hərbi obyektlər hədəfə alınıb. Nurdaha Vəli Məsud bildirib ki, TTP-nin təşkilati strukturunda baş verən dəyişiklik və mücahidlərin toparlanmasından sonra müharibənin sürəti daha da artdı. Məhz bu səbəbdən də Pakistan hökuməti danışıqlar aparmağa məcbur olub.

Bu arada, TTP-nin ölkədəki çinliləri hədəf aldığına dair söyləntilər var. Bu müstəvidə xəbərləri təkzib edən Məsud bildirib ki, onların müharibəsi Pakistanın təhlükəsizlik qüvvələri ilədir və bu, TTP-nin aydın siyasətidir. Onun sözlərinə görə, lakin Pakistan hökuməti kəşfiyyat orqanları vasitəsilə bu cür əməliyyatlar təşkil etməklə Çindən öz maraqları üçün istifadə etmək istəyir. Eynilə Amerikadan istifadə etdiyi kimi.

Pakistanın yaxın keçmişdə Əfqanıstan ərazisinə hava zərbəsi endirməsi nəticəsində çoxlu dinc sakin həlak olub. Amma təbii ki, rəsmi İslamabad bu hücumun Pakistan ordusuna qarşı sərhədyanı ərazilərdə edilmiş hücumlara cavab olaraq həyata keçirildiyi bildirdi. Nur Vəli Məsud isə qeyd edir ki, sitat: biz dəfələrlə demişik ki, öz torpağımız uğrunda vuruşuruq. Pakistan ordusu isə bombardmanlarla müharibədən qaçan qonşu ölkədəki insanları və qaçqınları hədəfə alır.

Bəs TTP-nin Əfqanıstan ərazisindən etdiyi hücumlar Pakistan - Əfqanıstan münasibətlərinə mənfi təsir göstərmirmi, bu iki ölkə arasında həırbi toqquşmalara səbəb ola bilməzmi? TTP lideri bu məsələyə təmkinini pozmadan cavab verərək deyib ki, onlar öz torpaqlarında döyüşür. Bu səbəbdən də münasibətlərin korlanmasından söhbət gedə bilməz.

Nur Vəli Məsud birmənalı şəkildə bildirib ki, danışıqlar nəticə verməyincə müharibə davam edəcək. “Biz heç kimə nəyin bahasına olursa olsun, müstəqil və suveren statusumuza son qoymaq səlahiyyətini verməyə razı deyilik. Allaha dua edirik ki, danışıqlar şəriət əsasında uğurlu olsun. Danışıqların uğursuzluğunun səbəblərini aradan qaldırmaq məsuliyyəti Pakistan hökumətinin üzərinə düşür. TTP nümayəndələrinin general Fayiz Həmidlə birbaşa görüşü olub. Əlhəmdülillah, TTP müstəqil və suveren hərəkatdır, heç bir kənar gücün təsiri altında deyil. Bununla belə, Pakistan ordusu həmişə ABŞ-ın cəbhəçi dostu rolunu oynayıb. Danışıqların şərtləri müəyyən edilir. Bu şərtləri yerinə yetirdiyi müddətcə ordu ya birbaşa danışıqlar apara bilər, ya da parlamentdən istifadə edə bilər. Burada bizi narahat edən heç nə yoxdur. Amma tarix buna şahiddir ki, Pakistanın əsl hökmdarı ordudur”, - deyib TTP lideri.

Yaddaşlardan silinməyən bir qara hadisə var - 2014-cü ildə Pişəvər hərbi məktəbinə hücum edilmişdi və çox sayda tələbənin ölümü ilə nəticələnmiş həmin olayda TTP-nin əli olduğuna dair idialar var. Nur Vəli Məsud deyir ki, onların həmin terror hadisəsində birmənalı şəkildə əli yoxdur. Hətta onlar ilk gündən məktəbə hücum aktını araşdırmaq üçün tam müstəqil təhqiqat qrupunun yaradılmasını tələb ediblər və bu gün də eyni mövqedədirlər.

TTP rəhbəri qeyd edib ki, ümumiyyətlə, onlar terrorun və zorakılığın tam əleyhinə olsalar da, təşkilat olaraq adları beynəlxalq terror siyahısındadır. Amma əmindirlər ki, adları bu siyahılara Pakistan hökuməti tərəfindən həyata salınıb. Bu səbəbdən də Pakistan hökuməti onların siyahıdan çıxarılması prosesinə cavabdehdir.

Çox maraqlıdır ki, Nur Vəli Məsud demokratiyanı İslama zidd hesab edib və bildirib ki, xüsusilə Pakistanda demokratiya TTP-nin məramına və məqsədinə ziddir.

“Həqiqət budur ki, biz öz məqsədlərimizə çatmaq üçün danışıqlar yolunu tutmuşuq. Şəriət və dünya işlərinin də yolu budur. Müharibələrin yekun nəticəsi sonda danışıqlar masasında həll olunur. İndiyədək döyüş meydanında uğur qazandığımıza görə, ümid edirəm ki, danışıqlar masası arxasında da qalib gələcəyik. Məqsəd və hədəflərimizdən bir addım da geri çəkilməyəcəyik. Ümid edirəm ki, Pakistanda şəriəti tətbiq etmək məqsədimizə çatacağıq. Bütün mücahidlər eyni səy göstərməlidir. Bundan başqa, məsləhətim odur ki, mülki şəxslərlə yumşaq davranın. Çünki müharibələr onların dəstəyi ilə qalib gəlir. Pakistan xalqına mesajım budur: Pakistan böyük fədakarlıqlardan sonra yaranıb və İslam adına azadlığa nail olub. Bu səbəblə Pakistan xalqından TTP-nin bir parçası olmasını və Pakistanda İslam dövlətinin qurulması uğrunda mübarizəmizə dəstək vermələrini xahiş edirəm. Çünki Pakistan bu məqsədlə yaradılıb”, - deyib TTP lideri.