Fevral ayında Böyük Britaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən üç Bolqarıstan vətəndaşı saxlanılıb. Bu barədə BBC Yayım Korporasiyası məlumat yayıb.
Londonun məlumatına görə, Böyük Britaniyada yaşayan 45 yaşlı Orlin Rusev, 41 yaşlı Bizer Djambazov və 31 yaşlı Katrin İvanova Rusiya xüsusi xidmət orqanlarında çalışıblar. Onlar hazırda həbsdədirlər. BBC qeyd edib ki, Bolqarıstan vətəndaşları London polisinin casusluq işlərində iştirak edən terrorla mübarizə bölmələrinin əməkdaşları tərəfindən saxlanılıb.
Korporasiyanın məlumatına görə, onlar Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Sloveniya, Fransa, Xorvatiya və Çexiya kimi ölkələrdən rəsmi sənədləri, o cümlədən pasportları və digər şəxsiyyəti təsdiq edən sənədləri saxtalaşdırmaqda ittiham olunurlar. Rusevin İngiltərənin şərqindəki Norfolk qraflığının Böyük Yarmut şəhərində, Cambazovla İvanovanın isə Londonun şimal-qərbindəki Harrou bölgəsində birlikdə yaşadığı vurğulanır. BBC-nin məlumatına görə, onlar bir neçə il Böyük Britaniyada yaşayıb, vaxtaşırı iş yerlərini dəyişiblər.
Rusevin 2009-cu ildə Böyük Britaniyaya köçdüyü və orada üç il texniki vəzifələrdə maliyyə xidmətlərində çalışdığı bildirilir. Daha sonra o, mesajların və ya elektron siqnalların tutulmasını əhatə edən rabitə trafikinin monitorinqi və təhlili biznesinə sahib idi. Bundan əlavə, onun LinkedIn sosial şəbəkəsindəki səhifəsində qeyd olunur ki, o, vaxtilə Bolqarıstanın Energetika Nazirliyinin müşaviri olub.