“Boz” zonaların ləğvi sonda yalnız hərbi yolla reallaşır – Ərəstun Oruclu

10:43 18.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan torpağının müvəqqəti olaraq Rusiya “sülhməramlı”ları yerləşdirilmiş və separatçı-terrorçu rejimin nəzarətində olan hissəsini “boz zona” da adlandırırlar. Planetimizdə “boz zona”lara hansı nümunələri çəkmək,  keçmiş Dağlıq Qarabağ ərazisi ilə hansı paralelləri aparmaq olar? Belə zonaların aradan qaldırılması təcrübəsi necədir?

Mövzu ilə bağlı hafta.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:

 “Boz zona”lar konflikt nəticəsində və yaxud mərkəzi hakimiyyətin nəzarəti itirməsi nəticəsində yaranmış qanunsuz, qondarma, separatçı “hökuməti” olan ərazilərə deyirlər. Yaxud bəzən bir ölkənin bütöv ərazisi və ya onun xeyli hissəsi də “boz zona”ya çevrilə bilər. Bu o halda baş verir ki, hakimiyyət nəzarəti tam olaraq itirir və dövlət qiyamçıların, terrorçuların və s. əlinə keçir. Belə “boz zona”ya Suriyanın bir hissəsini misal gətirmək olar... Belə zonaların aradan qaldırılması, ümumiyyətlə, çox çətin məsələdir. Ona görə ki, “boz zona”ların olmasında ən müxtəlif transmilli cinayətkar qrupların və hətta dövlətlərin marağı olur. Yəni, boz zona nəzarətsiz, heç bir qanunların işləmədiyi ərazi deməkdir. Azərbaycanda  “boz zona”nın aradan qaldırılması separatçıların əlində olan əraziyə nəzarətin bərpası deməkdir. Nəzarətin bərpa olunmasının isə xeyli yolları var. Bu, hərbi yoldur, siyasi-diplomatik yoldur, danışıqlar yoludur. Amma təcrübə göstərir ki, “boz zona”ları çox nadir hallarda danışıqlar yoluyla ləğv etmək olur. Və belə zonaların ləğvi sonda yalnız və yalnız hərbi yolla başa gəlir. Lakin, dediyim kimi, hər kəs “boz zona”larının ləğvinin marağında deyil. Ona görə ki, müxtəlif qrup və ya dövlətlər belə zonalardan silah, gizli neft və digər resursların alveri üçün, həmçinin, öz hansısa çirkli pul “yuma” və s. əməllərini həyata keçirmək üçün istifadə edirlər”.