“BRİCS-ə üzv olmaq bizim üçün əhəmiyyətli deyil” – Saleh Kocil

10:15 06.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Biz BRİCS ölkələri ilə strateji əlaqələrimizə o qədər də əhəmiyyət vermirik”.

Hafta.az-ın yazdığına görə, bu sözləri avqustun 22-də Yohannesburqda qrup liderlərinin toplantısında Əlcəzairin BRİCS-ə üzvlük tələbinin qəbul edilməməsinə münasibət bildirən Əlcəzair Milli Assambleyasının (Senat) sədri Saleh Kocil deyib.

Əlcəzairin BRİCS-ə qoşulmaq tələbinin rədd edilməsi ölkənin Rusiya, Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın daxil olduğu iqtisadi birliyə üzv olmaq üçün bir ildən çox əvvəl başlatdığı böyük kampaniya ilə müqayisədə məyusluq doğururb. BRİCS son iclasında Səudiyyə Ərəbistanı da daxil olmaqla, 6 ölkəni bloka dəvət edib.

Bu arada, Əlcəzair prezidenti Əbdülməcid Tebbun ölkəsinin qrupa qoşulmaq istəyini dəstəkləmək üçün ötən may və iyun aylarında Rusiya və Çinə səfər edib, lakin sonradan bunun məqsədə çatmaq üçün kifayət etmədiyi ortaya çıxıb.

Prezident Tebbun daha əvvəl bildirmişdi ki, Əlcəzair milli gəliri ölkənin BRİCS qrupuna daxil olmağını təmin edəcək şəkildə artırmağa çalışır. Əlcəzair prezidenti həmçinin bəyan edib ki, hökumət 2023-cü ilin sonuna kimi 13 milyard dollarlıq qeyri-karbohidrogen məhsulları ixrac etməkdə qərarlıdır ki, bu da onun öz hesablamalarına görə, “böyüklərlə oynamaq” deməkdir.

Saleh Kocil, digər tərəfdən, Mərkəzi Bankın rəqəmlərinə görə, 2022-ci ilin sonunda 66 milyard dollar ətrafında olan valyuta ehtiyatlarının 85 milyard dollara çatdığını qeyd edib. Bu, son aylarda yanacaq satışından gələn gəlirlərin artması ilə bağlıdır. Parlament sədri prezident Tebbunun 2019-cu il seçki kampaniyasında verdiyi vədlərin "bu il tamamlanacağını" təsdiqləyərək, "onların 75 faizinin yerinə yetirildiyini" vurğulayıb.

Kocil çıxışında bir neçə gün əvvəl İsveçrə prokurorluğunun keçmiş müdafiə naziri Xalid Nizara qarşı “müharibə cinayətləri törətməkdə” ittiham edildiyi iddianaməsinin dərcinə də toxunub. Bu vəziyyət Əlcəzairlə İsveçrə arasında diplomatik böhrana səbəb olub. Ölkənin keçdiyi çətin dövrə toxunan Kocil "Bəziləri bizi qaranlıq onilliyə qaytarmaq istəyir" deyib.

Əlcəzairin xarici işlər naziri Əhməd Ataf ötən cümə axşamı İsveçrənin xarici işlər naziri Anasio Kassislə telefon danışığında ölkəsinin bu problemə görə Bernlə əlaqələri kəsməyə hazır olduğunu bildirib. Nazirlikdən verilən açıqlamada Ataf, İsveçrə ədliyyəsinin Əlcəzairin keçmiş müdafiə naziri Xalid Nizarı bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham etməsini "qəbuledilməz" və iki ölkə arasındakı münasibətlərdə "arzuolunmaz bir yol" kimi qiymətləndirib.