Brüsseldə ermənilərin gözlədiyi olmadı - Politoloq

18:08 15.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Erməni diasporunun bu görüşə uzun müddətdir hazırlaşdığı, Azərbaycan Prezidentinə təzyiq imkanı yaratmaq üçün “zəmin” formalaşdırdığı bəlli idi.  Brüssel görüşü hansı nəticələrlə diqqət çəkir?

Politoloq Turan Rzayev hafta.az-a şərhində bildirir ki, görüş zamanı Prezidentə ənənəvi olaraq, "demokratiya”  “insan haqları" bəhanəsi ilə müəyyən təziqlərin ediləcəyi, bu yolla Zəngəzur dəhlizi və regional məsələlərin ikinci plana salınacağı düşünülürdü. Lakin ermənilərin gözlədiyi baş tutmadı.

Politoloq bildirir ki, Ermənistanın Zəngəzur dəhlizini açmaq istəmədiyi hər kəsə bəllidir.

“Son hadisələr və Ermənistan Baş naziri Nikol Paşinyanın çıxışları da bunu sübut edir. Bu da bir reallıqdır ki, Azərbaycan bu məsələdə geri addım atmaq niyyətində deyil. Bu mənada deyə bilərəm ki, Prezidentin Zəngəzur dəhlizinin açılması istiqamətində Laçın dəhlizi üzərindən Emənistana təzyiq etməsi məntiqli və düzgün addımdır.

Prinsip etibarilə Laçında ermənilər üçün dəhlizin yaradılıb, Zəngəzurda Azərbaycana, sadəcə, bəsit bir yolun verilməsi heç də ədalətli və konstruktiv addım deyil. Ermənistan tərəfi hər vəchlə 10 noyabr bəyanatında Zəngəzur dəhlizi ifadəsinin olmadığını qeyd etsə də, faktiki olaraq müqavilədə maneəsiz hərəkət sözü var. Bu isə özlüyündə dəhliz ifadəsindən çox daha ciddi bir faktdır. Rəsmi İrəvan bununla da razılaşmaq istəmir. Bu mənada, Prezidentin Aİ Şurası Prezidenti Şarl Mişellə görüşdən öncə NATO Baş katibi ilə mətbuat konfransında ən sərt şəkildə Zəngəzur məsələsini qaldırması və ilk dəfə olaraq Laçın dəhlizi ilə müqayisə etməsi rəsmi Bakının bu məsələdə nə dərəcədə qərarlı olduğunu göstərir.

Politoloq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanata diqqət çəkib.

“Hesab edirəm, bəyanat rəsmi Bakının maraqlarına uyğundur. Misal üçün, Aİ Şurasının Prezidenti Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Bu o deməkdir ki, Azərbaycanın dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır. Digər tərəfdən, bəyanatda Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Prinsip etibarilə bu, Aİ tərəfindən Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilə bilər. Rəsmi Bakı da indiki halda yekun sülh müqaviləsinin imzalanmasını təklif edir və bu mövqeyi sabitdir.

Şarl Mişelin bəyanatındakı ən mühüm məqam isə şübhəsiz, onun 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsini çağırış etməsidir. Məsələ ondadır ki, bu çağırış Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin hamısı rəsmi Bakı üçün məqbuldur. Azərbaycan bu gün də qeyd olunan görüş və bəyanatların icrasını tələb edir. Misal üçün, 10 Noyabr bəyanatında öz əksinə tapan maneəsiz hərəkət məsələsi və nəqliyyat kommunikasiya əlaqələrinin bərpa edilməsi hələ də icra olunmayıb.

Bəyanatdakı daha bir mühüm məqam odur ki, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bu, olduqca vacibdir, çünki Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi hələ də məlum deyil.

Bəyanatda həm də dəmiryol xəttinin çəkilişi xüsusi olaraq qeyd olunub. Hesab edirəm, burada konkret olmasa da, Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişi nəzərdə tutulur. Belə ki, indiki halda çəkiləcək dəmir yolu xətti keçmiş xəttin yenilənməsi hesabına reallaşacaq. Keçmiş dəmir yolu xətti isə məhz Zəngəzur ərazisindən keçirdi. Daha fərqli bir yerdən dəmir yolu çəkmək ən azından coğrafi olaraq çətin olacaq. Ermənistanın yalnız Arazboyu cənub sərhədləri düzən ərazidir və SSRİ dövründə iki ölkəni birləşdirən dəmir yolu da məhz buradan keçirdi. Hesab edirəm, bütün bunlar Aİ tərəfindən təşkil olunmuş görüşdə Azərbaycanın haqlı mövqeyinin təsbit olunduğunu göstərir”.

Poitoloq bəyanatda bir dəfə də olsun, ATƏT MQ-nin adının  çəkilməməsi məqamına diqqət çəkib.

“Hesab edirəm bu, gözlənilən idi. ATƏT MQ-in 27 illik fəaliyyətsizliyi artıq hərkəs tərəfindən bilinir. 27 il ərzində qurumun bacarmadığını faktiki olaraq Azərbaycan 44 günlük müharibədə bacardı. Mahiyyət etibarilə İkinci Qarabağ müharibəsinin başlamasına bir səbəb də məhz qurumun fəaliyyətsizliyi və qərəzli mövqeyi idi.

İndiki mərhələdə ATƏT MQ-in olub-olmamasının heç bir fərqi yoxdur. Bəyanatda bir dəfə də olsun, ATƏT MQ-in adının çəkilməməsi isə onu göstərir ki, Brüssel nəzdində qurum artıq öz etibarını itirib. Əks-təqdirdə, Aİ tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstək ifadə olunmaz, ATƏT MQ-ə həvalə edilərdi”.

Siyasət rubrikasından digər xəbərlər