Bu gün bütün dünyada Çeçenistanın Müstəqillik Günü qeyd olunur

12:10 06.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

1991-ci il sentyabrın 6-da Çeçenistanın müstəqilliyi yolunda ən mühüm addımlardan biri atıldı.
Bu tarixdə bölgədəki moskvayönlü idarənin Ali Soveti devrildi. Ali Sovetin, DTK-nın və Daxili İşlər Nazirliyinin binaları çeçenlərin nəzarətinə keçdi.

Hafta.az-ın yazdığına görə, o vaxtdan 6 sentyabr bütün dünyada Çeçenistanın Müstəqillik Günü kimi qeyd olunur.

1990-cı il aprelin 3-də Sovet İttifaqının (SSRİ) qəbul etdiyi qanunla muxtar respublikaların üzünə müstəqillik yolu açıldı. Bir neçə ay sonra Çeçen Milli Konqresi toplandı, çeçen xalqının müstəqilliyinin və dövlətinin bərpası haqqında bəyannamə qəbul edildi.

Oktyabrın 27-də Çeçen-İnquş Respublikasının moskvayönlü administrasiyası Çeçen Milli Konqresinin verdiyi bəyannaməni təsdiqlədi, əlavə olaraq, Çeçen-İnquş Respublikasının dövlət müstəqilliyi haqqında bəyanat da verdi. Burada muxtariyyətin ləğv edildiyi, SSRİ və Rusiyadan ayrı müstəqil Çeçen-İnquş Respublikasının yaradıldığı elan olundu.

Çeçen Milli Konqresinin 1991-ci il iyulun 8-də keçirilən ikinci iclasında qəbul edilən qərarda Çeçen-İnquş Respublikasında moskvayönlü idarəçiliyin legitimliyini itirdiyi bildirilir. 1991-ci il avqustun 19-da Moskvada dövlət çevrilişi cəhdindən sonra Çeçen Milli Konqresi çevrilişə cəhd edənlərə qarşı silahlı müqavimət təşkil etdi.

Sentyabrın 1-də Çeçen Milli Konqresinin üçüncü iclası keçirildi və burada Moskvaya meylli Çeçen-İnquşetiya Ali Sovetinin devrildiyi, Rusiya ilə əsrlər boyu davam edən müharibələr nəticəsində dövlət müstəqilliyinin və dövlət hüquqi statusunun itirildiyi elan edildi. 

1991-ci il sentyabrın 6-sında Çeçenistan tarixində mühüm dönüş baş verdi. Qroznıda Moskva administrasiyasının binaları Cövhər Dudayevin başçılıq etdiyi Çeçen Milli Konqresi qüvvələri tərəfindən ələ keçirilib və rusiyayönlü administrasiyanın tamamilə ləğv edildiyi elan olunub.

O tarixdən bu yana 6 sentyabr Çeçenistanın Müstəqillik Günü kimi xatırlanır.